Tayson niyə məğlub oldu? – Hazır ssenari İDDİASI
    • Bu gün, 10:30
    • 362

Tayson niyə məğlub oldu? – Hazır ssenari İDDİASI

Dünya boksunun əfsanəsi Mayk Tayson, tanınmış bloqer Ceyk Pola məğlub oldu.

News24.az xəbər verir ki, boksun canlı əfsanəsi Mayk Tayson Ceyk Pol ilə Texas ştatının Arlinqton şəhərindəki AT&T arenasında keçirilən peşəkar boks gecəsində qarşılaşıb. Görüş hakimlərin qərarı ilə başa çatıb və Ceyk Pol qalib elan olunub – 79:73.

Bəzi azarkeşlər görüşün əvvəlcədən hazırlanmış bir ssenari üzrə getdiyini iddia ediblər. Mövzu ilə bağlı idman jurnalisti Kənan Məstəliyev News24.az-a açıqlamasında Taysonun məğlubiyyətinə baxmayaraq, onun rinqə qayıdışını böyük bir hadisə olaraq qiymətləndirib.

“Tayson bizim uşaqlıq dövrümüzün əfsanəvi boksçularından biridir. Bu görüşdə Taysonun məğlub olmasına baxmayaraq, o, hələ də böyük bir boksçudur. Təbii ki, Ceyk Pol gənc və daha enerjili döyüşçüdür. Lakin Tayson 8 raund boyunca yaxşı mübarizə apardı, ayaqüstə döyüşməyi bacardı və heç bir nakdaun yaşanmadı. Görüşün gedişatında başa-baş mübarizə getdi və bu, böyük bir göstəricidir. Ümumiyyətlə, Taysonun nəticə olaraq qalib gəlməsi prinsipial əhəmiyyət daşımır. Onun rinqə çıxması özü idman bayramıdır. Azarkeşlər Maykın rinqə qayıdışını nostalji hisslərlə qarşıladılar və buna görə ona təşəkkür etmək lazımdır”, - deyə o bildirib.

58 yaşlı Mayk Tayson peşəkar boks karyerası ərzində 56 döyüş keçirib, bunlardan 50-də qələbə qazanıb, 6-da isə məğlub olub. O, peşəkar karyerasını 2005-ci ildə başa vurub.

Ceyk Pol isə bu döyüşə qədər keçirdiyi 11 döyüşün 10-da qalib gəlib, yalnız 1-də məğlub olub.

Ağa Dadaşzadə