Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA
    • 11-05-2023, 14:37
    • 982

Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA

“Rusiya Qarabağda vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin gözləyir”.

News24.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiniz ki, təmaslar davam edir, sözün əsl mənasında, srağagün Putin Qələbə günü münasibətilə Moskvada olan Ermənistanın baş naziri Paşinyanla ayrıca söhbət edib, Azərbaycan tərəfi ilə təmaslar davam edir”, - Peskov qeyd edib.

Eyni zamanda o deyib ki, İrəvanla Bakı arasında yeni gərginlik fonunda hazırda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında təmaslar planlaşdırılmır.

Rusiya liderinin mətbuat katibi onu da vurğulayıb ki, Moskva üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edəcək: “Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq”.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.

Turan