Flora Kərimova məhkəmənin gedişatından narazıdır - Video
    • 18-05-2023, 14:52
    • 507

Flora Kərimova məhkəmənin gedişatından narazıdır - Video

"Mən - Xalq artisti Flora Kərimova Ülviyyə Alovlunun əlindən, böhtanından, söyüşlərindən yorulmuş bir insan kimi 3 il ərzində məhkəməyə ayaq döydüm. İş hakim Abbas Rzayevin əlindədir. 6 aydan çoxdur axtarışda olan Ülviyyə Alovlunun guya tapıb məhkəməyə gəlməsini təmin edə bilmirlər. Bu, dırnaqarası axtarışdır".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova videoaçıqlamada deyib. Jurnalist Ülviyyə Alovlu ilə aralarında yaşanan məhkəmədən danışan müğənni işin gedişatından narazılığını bildirib:

"2022-ci ilin dekabrın 5-dən axtarışdasan, ay “xəbərsiz”. 83 yaşamda da hələ ki, mənim adımla sən gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı, böyüyünün arzuladığı o “polemikaya” qol qoyardım, ya da bu qərar çıxanda sənə sənin gərəkdiyin şərəfi verərdim. Heç bir mətbuat qurumu sənin adını çəkmək istəmir. Üzəduranlıq, işverənlik, həyasızlıq, vulqarlıq, yalan sənət olan yerdə qanundan başqa çıxış yolu qalmır, çünki sənin kimi söyüş vərdişim yoxdur.

Noyabrdan, 6 aydır polis səni məhkəməyə (məcburi məhkəmə ) guya “tapıb gətirməyi bacarmır”. Həmişəki kimi deyəcəksən ki “mən gizlənməmişəm”. Bu, başqa bir mövzudur və yeri gəlmişkən buna ayrı səhifə ayıracağam, əmin ol.

Bilirsən ki, iyunun 7-də növbəti məhkəməndir. Məhkumluq layiq olduğun qədərindir. Məndən qaçacağın yer ancaq bir yerdir: sən qorxduğun yer".

Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub./axşam.az/