Sinan Oğanın BÖYÜK SƏHVİ - Prezident o olacaq! - Türkiyənin məşhur kəşfiyyatçısı AÇIQLADI
    • 19-05-2023, 18:04
    • 737

Sinan Oğanın BÖYÜK SƏHVİ - Prezident o olacaq! - Türkiyənin məşhur kəşfiyyatçısı AÇIQLADI

“İkinci turda Rəcəb Tayyib Ərdoğan 54-55% səs toplayaraq qalib olacaq”. 

Bunu türkiyəli siyasətçi, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ News24.az-a açıqlamasında deyib.

O bildirib ki, 14 may seçkilərindən sonra Millət İttifaqı böyük çöküş içərisindədir:

“Hazırda müxalifətin daxilində xaos hökm sürür, öz aralarında mübarizə başlayıb. CHP məğlubiyyətə görə İYİ Partiyanı günahlandırır, Meral Akşener isə Kılıçdaroğlunun namizəd göstərilməsini əsas gətirir. Bu olay getdikcə böyüyəcək. Seçkilərdə əsas 5 faizlik kütlə var. Çox maraqlıdır ki, həmin kütlə Sinan Oğana sahib çıxır. Əslində, bunu doğru hesab etmirəm. Sinan Oğanın partiyası yoxdur, amma buna baxmayaraq bir anda ATA İttifaqından namizəd olaraq göstərildi. Məncə, 5 faizlik səs Sinan Oğana aid deyil, səslərin azı 3 faizi Məhərrəm İncənin başçılıq etdiyi Məmləkət partiyasına aiddir. Burada Sinan Oğan hər nə qədər önə çıxarılsa da, söz sahibinin Məhərrəm İncə olduğunu düşünürəm. Sual yarana bilər ki, İncə bu vaxta qədər niyə ortaya çıxmadı. Düşünürəm ki, bu, onun məruz qaldığı hücumlarla bağlı ola bilər.





5 faizlik seçici təbəqənin hamısının Sinan Oğanın ardınca gedəcəyini düşünmürəm. Çünki mənə görə Oğan arxa planda əməkdaşlıq edir, sövdələşmə içərisindədir. O, bu cür mühüm məsələdə anlaşma mövzusunu ortaya atmaqla böyük seçici itirdi. Düşünürəm ki, Məhərrəm İncə tərəfdarları Cümhur İttifaqını dəstəkləyəcəklər. Buna görə də Rəcəb Tayyib Ərdoğan çox rahatlıqla seçkidə qalib olacaq”.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Sinan Oğanın təklifini qəbul etməyib. “Biz “ATA” İttifaqının prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik. Seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək”, - Türkiyə lideri bildirib.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Turan