FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat yaydı
    • 24-05-2023, 10:05
    • 231

FHN Naxçıvandakı vəziyyətlə bağlı məlumat yaydı

Naxçıvan şəhəri və Babək rayonunda ümumilikdə 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan şəhəri və Babək rayonu ərazisində yağan intensiv yağışlar səbəbindən bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı FFH-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası FHN-in qüvvələri əraziyə cəlb olunub.

Görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Belə ki, Naxçıvan şəhəri və Babək rayonunda ümumilikdə 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb.

Qeyd edək ki, suçəkmə işlərinə Naxçıvan Muxtar Respublikası FHN-in ümumilikdə 223 nəfərdən ibarət şəxsi heyəti, 16 texnika, 15 motopompa və 6 nasos cəlb olunub.