Yol hərəkəti ilə bağlı qanunun sərtləşməsinə ehtiyac olarsa, buna yenidən baxa bilərik - Deputat
    • 1-06-2023, 12:07
    • 305

Yol hərəkəti ilə bağlı qanunun sərtləşməsinə ehtiyac olarsa, buna yenidən baxa bilərik - Deputat

"Bu gün bizim övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyələrdən biri onların bilgiləndirilməsi və maarifləndirilməsidir. Ən çox atılması lazım olan addım geniş maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır. Təəssüf ki, ölkəmizdə piyadaların, eyni zamanda sürücülərin yol hərəkəti mədəniyyəti o qədər də yüksək deyil. Bu, Azərbaycanda bir reallıqdır".

News24.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, bəzən sürətin aşılması, yol keçərkən bir-birinə hörmət edilməməsi, piyadaların qaydalara əməl etməməsi bədbəxt hadisə ilə nəticələnir.

Millət vəkili vurğulayıb ki, nəqliyyat vasitələrinin iştirakı ilə baş verən bədbəxt hadisələrin qarşısının alınmasında cərimələrin də rolu böyükdür"

"Piyada yolu keçərkən mütləq qaydalara əməl etməlidir. Bədbəxt hadisələrin baş verməməsi üçün cəzaların tətbiqi də önəmlidir. Çünki bu cəmiyyətin ümumi problemidir. Milli Məclisdə zaman-zaman bir sıra qanunlar qəbul edilir. Gələcəkdə yol hərəkəti ilə bağlı qanunun sərtləşməsinə ehtiyac olarsa, buna yenidən baxa bilərik".

Ceyhun Məmmədov bildirib ki, bədbəxt hadisələri önləmək üçün gənclərlə, uşaqlarla daha çox işləməliyik: 

"Çünki ani diqqətsizlik faciəyə səbəb olur. Avtomobil idatə edərkən telefondan istifadə halları çox olur. Bu halların baş verməməsi hər birimizdən asılıdır. Parlamentdə təmsil etdiyim bölgədə yol hərəkəti qaydalarının pozulmasına görə baş verən bədbəxt hadisələrin qurbanı olan bir neçə şəxs var. Onların arasında koma vəziyyətində olan, qəza törətdiyinə görə həbs olunanlar da var. Onlar sonradan hallallıq almağa çalışırlar. Biz belə hallar baş verməmişdən bununla bağlı düşünməliyik".

Deputat qeyd edib ki, maarifləndirmə üçün dövlət qurumlarının media ilə sıx işləməsinə ehtiyac var. 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”,  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.

Akqabay