Ermənilərə etiraz etdi, parlamentdən qovuldu, Ərdoğan göstəriş verdi... – Türkiyənin yeganə qadın nazirinin DOSYESİ
    • 7-06-2023, 16:22
    • 492

Ermənilərə etiraz etdi, parlamentdən qovuldu, Ərdoğan göstəriş verdi... – Türkiyənin yeganə qadın nazirinin DOSYESİ

Xəbər verdiyimiz kimi, Türkiyədə mayın 28-də keçirilən seçkilərin nəticələrindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan yeni kabineti açıqlayıb. Türkiyə mediası Nazirlər Kabinetinə daxil edilən yeni isimlərdən biri, hazırda ölkənin yeganə qadın naziri - ailə və sosial siyasətlər naziri Mahinur Özdemir Göktaşla bağlı maraqlı faktlar yayıb.

News24.az xəbər verir ki, Mahinur Özdemir Göktaş Belçikada mühacir ailəsinin qızı olaraq dünyaya gəlib. Özdemir “Vrije Universiteit Brussel”də siyasi elmlər fakültəsini bitirdikdən sonra Belçikada CDH partiyası sıralarından siyasətə daxil olub.

Belçikanın ən gənc siyasətçiləri arasında yer alan Özdemirin ölkədə “Belçika və Avropada yeganə hicablı qadın millət vəkili” kimi də tanındığı bildirilir.



Qondarma “erməni soyqırımı”na etiraz etdiyi üçün parlamentdən qovuldu

Belçikada fəaliyyət göstərən Göktaş 6 il sonra parlamentdə 1915-ci il hadisələri ilə bağlı müzakirələrdə gündəmə gəldi. CDH üzvü Maksim Prevot fransızdilli RTL telekanalına bildirib ki, partiyanın bütün üzvləri “erməni soyqırımını tanımağa borcludurlar”. Qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində partiyanın təzyiqlərinə qarşı çıxan Göktaş, CDH-nin o zamankı lideri Benoit Lutge tərəfindən sərt tənqid olunub. Lutgenin “sıralarımızda bir inkarçı varsa, saniyə içərisində uçub gedəcək” deməsindən sonra Göktaş partiyadan xaric edilib. 



Ərdoğan: “Bu qızımıza sahib çıxın”


Belçika parlamentində baş verənləri və Göktaşın qətiyyətini görən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənc siyasətçi ilə bağlı təlimat verib. “Bu qızımıza sahib çıxın”, - deyə Ərdoğan bildirib.

Ərdoğanın göstərişindən sonra Göktaş 2019-cu ilin sentyabrında Əlcəzairə səfir təyin edilib. 4 ildir səfir vəzifəsində çalışan Göktaş, 28 maydan sonra qurulan yeni kabinetdə Ailə və Sosial Siyasətlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunub. O, yeni kabinetdə yeganə qadın nazirdir.

Akqabay