Yeni Milli Meşə Proqramının ilkin müzakirəsi aparılır - FOTO
    • 21-02-2019, 17:45
    • 690

Yeni Milli Meşə Proqramının ilkin müzakirəsi aparılır - FOTO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərlə birgə Azərbaycanın yeni Milli Meşə Proqramının ilkin layihəsinin müzakirəsi aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bunu  açıqlamasında Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib. Onun sözlərinə görə, dialoq şəraitində keçirilən müzakirələrdə layihənin  prioritet istiqamətləri və fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılır. 

"Azərbaycanda yeni Milli Meşə Proqramının hazırlanmasının məqsədi meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasına, mövcud beynəlxalq təcrübənin öyrənilməsi ilə meşə sisteminə müasir yanaşma prinsiplərinin təhlilinə yönəlib.

"Nazirliyin rəsmisi 2020-2030-cu illəri əhatə edəcək Proqramın Azərbaycan meşələrinin davamlı idarə edilərək dayanıqlı inkişafına nail olunmasında, aydın və mütərəqqi idarəçilik planının hazırlanmasında böyük rolu olacağını da qeyd edib. 

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) nümayəndələri , Türkiyənin beynəlxalq ekspertləri, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və İDEA İctimai Birliyinin nümayəndələri iştirak edir. 

Hazırda görüşdə dayanıqlı meşə idarəçiliyinin meyar və göstəriciləri üzrə beynəlxalq espertlərin rəy və təklifləri dinlənilir, Milli Meşə Proqramının gələcək icrası və onun fəaliyyət planı barədə dialoq aparılır. 
  
FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak da keçirilən tədbirlə bağlı fikirlərini açıqlayıb.

"Meşəçilik sektorunun inkişafı üçün gələcəkdə görüləcək işlərin planını və yol xəritəsini müzakirə etmək, bəzi qərarları vermək üçün tərəfdaşlar və maraqlı tərəflərlə birlikdə burada olmaqdan məmnunluq duyuruq." O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı və balıqçılıq sahəsində aparılan yenidənqurma işlərində FAO-nun dəstəyinin davamlı olacağını vurğulayıb və bu sahədə dünyanın ən qabaqcıl təcrübələrini bölüşməyə hazır olduğunu bildirib.