Lirə buna görə çökür, Şimşək niyə hərəkətə keçmir? - Hətta Azərbaycan da... – Türk professor AÇIQLADI
    • 9-06-2023, 16:53
    • 10 573

Lirə buna görə çökür, Şimşək niyə hərəkətə keçmir? - Hətta Azərbaycan da... – Türk professor AÇIQLADI

Akdeniz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin professoru, tanınmış iqtisadçı alim Mustafa Yıldıran News24.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Türkiyədə prezident seçkilərinin ikinci turundan dərhal sonra ucuzlaşmağa başlayan lirə hər gün tarixi minimumunu təkrarlayır. Hazırda dollar 23,5 lirəyə qalxıb, bu isə son bir həftədə dolların 4,5 lirəyə yaxın bahalaşması deməkdir. Sizcə, lirənin ucuzlaşmasında seçkinin nə kimi rolu var? 

- Türk lirəsinin ucuzlaşmasının seçkinin nəticələri ilə birbaşa əlaqəsi yoxdur. Ancaq Türkiyədə siyasət dəyişikliyinə görə lirədə ucuzlaşma və ya dalğalanma olduğunu deyə bilərik. Seçkidən sonrakı dövrdə türk lirəsi, xüsusilə sabit qalmaq üçün uzun müddətdir üzərinə düşən məsuliyyət səbəbindən intensiv dəyər yüksəlişi ilə üz-üzədir. Xüsusilə, ölkə daxilində xarici valyutaya yatırılmış və ya təxirə salınmış tələbdən danışmaq olar. Bu tələbə görə, yeni tarazlıq qiymətinin formalaşması prosesində bir siyasət dəyişikliyi, Türkiyə uzun müddətdir ki, tanış olmayan, daha doğrusu heterodoks iqtisadi siyasətlər həyata keçirir. Bütün siyasətlər daha çox hökumətin makroprudensial tədbirlər adlandırdığı qısamüddətli və konkret problem həllərinə yönəlmişdi. Ancaq Mehmet Şimşəyin xəzinə və maliyyə naziri olması ilə klassik mənada bazar iqtisadiyyatı və ya ortodoks iqtisadi siyasətin yenidən həyata keçiriləcəyi gözləntiləri ilə dollarda bir hərəkət başladı. Bu hərəkətlilik, ehtimal ki, bu gün digər iki gündə nisbətən aşağı olan yeni tarazlıq qiyməti ilə də sonlanacaq. Bu rəqəmin indiki görünən dəyərlərə görə 23 lirə ilə 25 lirə arasında olacağını təxmin etmək olar. Ancaq türk lirəsinin 2021-ci ildə olduğu kimi yüksək səviyyədə ucuzlaşacağını gözləmirəm.

- Lirənin ucuzlaşmasında Prezident Rəcəb Tayyib Ərdoğanı günahlandırırlar. Necə düşünürsünüz, başqa bir namizəd seçilsəydi, lirə dəyər itirməyəcəkdi?


- Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi ilə türk lirəsinin ucuzlaşması arasında heç bir əlaqə qurula bilməz. Çünki iqtisadi struktur fərdi amillərdən fərqlidir. Türk lirəsi açıq iqtisadiyyatda valyutanı təmsil edir. Türkiyə iqtisadiyyatı açıq iqtisadiyyatdır. Xüsusilə ixrac-idxal balansına baxdığımızda xarici kəsiri olan bir ölkədir və xüsusilə enerji məhsulları üzrə kəsir var. Bunların əksəriyyəti də xarici valyuta ilə idxal olunur. Enerji qiymətlərində uzun müddətdir davam edən artımlar da Türkiyədə cari açığı tətikləyir. Cari kəsirdəki bu artım valyuta tələbinə potensial olaraq artan istiqamətdə təsir edir. Ona görə də Ərdoğanın prezident seçilməsi ilə dolların məzənnəsinin artması arasında əlaqə olduğunu deyə bilmərik. Belə bir əlaqəni akademik olaraq qurmaq olmaz. Türkiyənin struktur enerji kəsirindən qaynaqlanan idxalın yüksək səviyyədə olması səbəbindən valyutaya tələbatda artım var və bu artım qarşılanana qədər valyutanın bahalaşması müşahidə oluna bilər. İkinci mühüm amil həm dünyada, həm də Türkiyədə uzun müddət davam edən inflyasiyadır. İnflyasiya milli valyutanın dəyərini aşağı saldığı üçün xarici valyutanın dəyərini nisbətən artırır. Deməli, söhbət hər hansı liderdən daha çox iqtisadiyyatın struktur vəziyyəti ilə bağlıdır. Əksər Türkiyə vətəndaşlarının gözləntisi dövlət başçısının iqtisadi problemləri həll edəcəyi ilə bağlıdır. Ona görə də düşünmürəm ki, lirənin ucuzlaşmasının bununla əlaqəsi var.





 
- Ölkənin yeni xəzinə və maliyyə naziri Mehmet Şimşək lirəni xilas edə biləcəkmi? Bir mütəxəssis kimi yeni nazirdən gözləntiləriniz nədir?

- Mehmet Şimşək Türkiyədə təcrübəsi və biliyi ilə tanınır, əvvəllər xəzinə və maliyyə naziri vəzifəsində çalışıb. Eyni zamanda beynəlxalq təcrübəsinə görə dünyada tanınan addır. Bu səbəbdən iqtisadiyyatda gözləntilərin yüksəldiyi bir isimdir Onun iqtisadiyyatla bağlı problemləri həll edəcəyi gözləntiləri bu mənada rasional münasibətdir. Amma böyük çətinliklərlə üz-üzədir. Çünki bundan əvvəlki iki ildə həyata keçirilən faiz siyasəti Türkiyə iqtisadiyyatı üçün anlaşılmaz bir faiz siyasəti idi. Bu siyasətin yaratdığı problemləri həll etmək bir qədər çətin olacaq. Pul siyasəti bu dövrdə işləmədiyi üçün problemləri maliyyə siyasəti, xüsusən büdcə ilə həll etməyə çalışdılar ki, bu da inflyasiya effekti ilə büdcə kəsirini artırdı. Son maliyyələşdirmə quruluşuna baxdığımızda bu, xarici borclanmanı artırır. Türkiyədə bu cür maliyyə risklərinin artdığını görürük. Ona görə də ondan böyük gözlənti var. Mehmet Şimşəyin əvvəlki fəaliyyətinə və gördüyü işlərə görə belə bir gözlənti yaranıb. Hazırda bu gözləntinin real olub-olmadığını anlamaq üçün onun açıqlayacağı proqrama və çalışacağı heyətə də baxmaq lazımdır. Təbii ki, bu siyasətin stabil şəkildə davam etməsi çox vacibdir. Türkiyədə əvvəllər həyata keçirilən iqtisadi proqramların hamısında ardıcıl olaraq həyata keçirilən siyasət uğurlu olub. Ancaq qısa müddətdə dayandırılan siyasətlərin uğursuz olduğunu söyləyə bilərik.

- Türkiyə iqtisadiyyatı üst-üstə çox böyük çətinliklərlə üzləşdi. Pandemiya və post-pandemiya dövründə ölkəni inflyasiya bürüdü, əsas gəlir mənbələrindən biri olan turizmi kəskin vurdu, üstəlik ÜDM-nin 10%-nin formalaşdığı ərazilərdə dağıdıcı zəlzələlər baş verdi. Belə bir çətin dövrdə Mehmet Şimşəyin Türkiyə iqtisadiyyatına hansı müsbət tendensiyaları gətirəcəyini düşünürsünüz?

- Qeyd etdiyiniz kimi, Türkiyə iqtisadiyyatı son üç ildə böyük çətinliklərlə üzləşdi. Pandemiyadan, Ukrayna-Rusiya böhranından və nəhayət, böyük zəlzələlərdən sonra Türkiyə iqtisadiyyatı çox zərər çəkdi. Bütün bu zərərin həllini bir adla bağlamaq doğru olmaz. Yəni Mehmet Şimşəyin tək başına problemləri həll edəcəyini deyə bilmərik. Türkiyə iqtisadiyyatının özünəməxsus böyük dinamik quruluşu var və ölkə iqtisadiyyatının əsas dinamik sahələri Şərqi Mərmərə, Egey və Aralıq dənizi bölgələrindədir. Bu bölgələrdə sənaye istehsalı hələ də eyni şəkildə davam edir. Yenə də ölkədə geniş miqyasda kənd təsərrüfatı işləri aparılır. Xüsusilə Egey və Aralıq dənizi sahillərində tərəvəz və meyvə istehsalı davam edir. Bundan əlavə, Türkiyə iqtisadiyyatının çox böyük turizm potensialı var. Bütün bu turizm obyektləri də hazırda fəaliyyət göstərirlər. Türkiyə iqtisadiyyatı struktur xüsusiyyətlərinə görə iqtisadi gücə malikdir. Hər halda, bütün böhranlara baxmayaraq, Türkiyə iqtisadiyyatı dünyanın ilk 20 iqtisadiyyatından biridir. Burada şəxslərdən çox Türkiyə iqtisadiyyatının yüksək potensialı iqtisadi siyasətin uğurunu şərtləndirən başlıca amildir. Nazir ardıcıl olaraq rasional iqtisadi siyasət həyata keçirə bilsə, uğur qazanması mümkündür. Təbii ki, Türkiyədə mühüm problemlərdən biri də cari əməliyyatlar açığının yaratdığı valyuta kəsirinin ödənilməsidir. Beynəlxalq investisiyalar və xarici ticarətdə meydana gələ biləcək ixrac profisiti ilə bu problem həll oluna bilər. Yazda əhəmiyyətli və səmərəli turizm sektoru Türkiyə iqtisadiyyatının strukturunu gücləndirəcək. Bu mənada Türkiyə iqtisadiyyatının strukturu isimlərdən daha önəmlidir və deyə bilərik ki, bu güclü iqtisadi strukturu rasional siyasətlə birləşdirmək mümkün olarsa, sürətli iqtisadi canlanma olacaq.

- Lirənin sürətlə dəyər itirməsinin Azərbaycana nə kimi təsirləri var?


- Türkiyə-Azərbaycan iqtisadi əlaqələrini araşdırdıqda görürük ki, Türkiyənin ixracı daha yüksəkdir və idxalı daha çox enerji məhsulları, təbii qaz və neft məhsullarıdır. Bu mənada türk lirəsinin dəyərdən düşməsi bu nəticələrə səbəb olacaq: Türkiyədə satılan malları Azərbaycan üçün almaq daha asan olacaq. Bu mənada xüsusilə ixracat artacaq. Türkiyədən ixracın Azərbaycanın idxalına artan təsirinin olacağını deyə bilərik. Xüsusilə də enerji məhsullarının dollar və ya avro ilə satışı Azərbaycanın gəlirlərinə müsbət təsir göstərəcək. Ancaq Türkiyə üçün ixracı təşviq edən bir siyasət olacağı üçün Türkiyənin Azərbaycanın idxal-ixrac potensialının daha da artacağını söyləyə bilərik. Türkiyə lirəsi ilə müqayisə, Azərbaycan manatı çox qiymətli valyutadır. Bu da manatla qazanan, Türkiyədə turizm və buna bənzər istiqamətlərə gələnlər üçün sərfəlidir. Amma Türkiyədən Azərbaycana gedən insanlar üçün dəyər baxımından daha məsuliyyətli struktur yarada bilər. Amma bu bir həqiqətdir ki, Türkiyə-Azərbaycan münasibətləri qısamüddətli valyuta dəyişikliyindən daha çox ənənəvi iqtisadi və siyasi əlaqələr hesabına möhkəmlənməyə davam edəcək.

Akqabay Mıradov