Boksçularımızdan beynəlxalq turnirdə 10 MEDAL
    • 10-06-2023, 15:25
    • 332

Boksçularımızdan beynəlxalq turnirdə 10 MEDAL

Macarıstanın Eqer şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub. 

Federasiyadan News24.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışı 4 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. 

Gənc boksçularımızdan 51 kq çəkidə Sübhan Məmmədov Erik Katona (Slovakiya) ilə üz-üzə gəlib. Rəqibini 5:0 (30:25, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edən yığma üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Məhəmmədəli Aşurəliyev (57 kq) finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz 3-cü raundda tam üstünlüklə qalib gələrək, qızıl medala yiyələnib. 

75 kq-da Fərhad Şeydayev də turniri qalib kimi başa vurub. O, finalda İstvan Şüslə (Macarıstan) qarşılaşıb və ilk raundda tam üstünlüklə döyüşü aktivinə yazıb. 

Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Bu boksçulardan öncə Ömər Aslanlı (54 kq) bürünc medala sahib olub.

Yeniyetmə boksçularımızdan Banuçiçək Nəsirli (46 kq) də yarışda qızıl medala yiyələnib. O, Silviya Meltzerlə (Rumıniya) final görüşünün ikinci raundunda tam üstünlüklə qələbə qazanaraq, Eqerdə Azərbaycan himnini səsləndirib. 

Yalnız finalda uduzan Özləm Həsənova (63 kq) yarışı ikinci pillədə başa vurub. Daha öncə isə İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) 3-cü yeri tutub. 

Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla bitirib. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçilib.