Həbsdə özünəqəsdə cəhd edən jurnalist detalları açıqladı
    • 12-06-2023, 15:51
    • 522

Həbsdə özünəqəsdə cəhd edən jurnalist detalları açıqladı

Həbsdə olan jurnalist Azər İsrafilov açıqlama yayıb.

News24.az xəbər verir ki,  o 2 il 8 aydır ki, həbsdə olduğunu, bu müddət ərzində dəfələrlə Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə aldığını qeyd edib:

“İlk dəfə 22.07.2021-ci il tarixində Bakı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə köçürülən zaman aparılan müayinələr zamanın məndə Hepatit C xəstəliyi və digər xəstəliklər aşkar olundu. O zamandan mənim digər xəstəliklərimi qismən müalicə etsələr də, Hepatit C xəstəliyimi konkret müalicə etmədilər. Səbəb kimi isə göstərdilər ki, bu xəstəliyin müalicəsi üçün dövlət lazımi dərmanlar ayırmır.

Sonuncu dəfə isə 13.05.2023-cü il tarixində cəza çəkdiyim Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürüldüm. USM müayinəsi zamanı dalağımın böyüdüyü məlum oldu. Ümumi biokimyəvi qan analizləri zamanı qanımda virusların çoxaldığını göstərsələr də, xəstəliyimə uyğun bir müalicə aparılmadı.

Dəfələrlə Müalicə Müəssisəsinin baş həkimi vəzifəsini icra edən Zahir Zahid oğlu Əliyev və infeksionist Asif Arif oğlu Şirinovun yanına müalicəmin aparılması ilə bağlı getsəm də, heç bir nəticə olmadı. Mənə daha yuxarı instansiyalara müraciət etməyimi məsləhət gördülər. Konkret Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanova zəng etməyimi istədilər. Mən isə ağrılarım kəskinləşdiyi üçün ədliyyə naziri cənab Fikrət Məmmədova şikayət ərizəsi yazdım. Surətini isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Rafael Mehdiyevə və Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi xanım Aynur Sabitovaya ünvanladım. Yazdığım ərizələri Müalicə Müəssisəsinin dəftərxanasında işləyən inspektor Fərid müəllimə təqdim etdim. O isə Müəssisənin rəisi Mayıl Məmmədova göstərdikdən sonra poçt vasitəsilə göndərəcəyini söz verdi.

Ərizəni verdikdən 1 gün sonra Müalicə Müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Elxan İsgəndərov məni yanına çağırtdıraraq, nə üçün ərizə yazdığımı soruşdu. Mən də Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və Həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunun 51-ci maddəsinin mənə verdiyi hüquqları əsas götürərək, şikayət ərizəsini yazdığımı bildirdim. Bundan sonra Elxan İsgəndərov ərizəmi dəftərxanaya vermək əvəzinə, şikayət yazdığım baş həkim Zahir Əliyevə apardı.

Bu hadisənin üstündən xeyli vaxt keçsə də, yenə heç kim məni çağırıb problemlərimlə maraqlanmadı. Yəni mənim hansı xəstəlikdən əziyyət çəkməyim heç bir məmur üçün maraqlı olmadı. Halbuki ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında məhkumların hüquqlarının təminatına xüsusi önəm verdiyini bildirir. Ədliyyə naziri Fikrət Məmmədova isə öz çıxışlarının birində söyləyib ki, “hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil səviyyəsinin göstəricisidir”. Demokratik ölkələrdə dövlət bütün vətəndaşlarına eyni cür qayğı göstərir. Hətta onun hər hansı bir vətəndaşı məhkum olduqda belə onu unutmur. Çünki məhkum olunmuş şəxs dövlətin vətəndaşı olaraq qalmaqdadır. Məhkum olunmuşlara dövlət qayğısı onun humanizmliyinin bariz nümunəsidir.

Sonda isə mənim sağlamlığımın təmin edilməsi üçün zəruri olan tibbi müalicə kursunu həyata keçirməkdən imtina edərək, cəza çəkdiyim 7 saylı cəzaçəkmə müəssisəsinə köçürmək barədə xəbərim olmadan qərar qəbul etdilər. Xatırladım ki, məndə xroniki aktiv hepatit, mədədə xroniki qastrit, öd kisəsində qum dənəcikləri, ürəkdə isə kəskin aritmiya xəstəlikləri var. Mənim ixtisaslaşmış daimi tibbi yardıma şəksiz ehtiyacım ola-ola Müalicə Müəssisəsindən yatab etmək istədilər. Mən bundan xəbər tutduğum zaman ailə üzvlərimə xəbər vermək istəsəm də, telefonla danışmağıma icazə vermədilər. Bu zaman artıq hüquqlarımın kifayət qədər pozulduğunu görüb şüşə parçası ilə damarlarımı kəsməyə cəhd edib özümə xəsarət yetirdim. Yəni artıq məni ölüm həddinə çatdırdılar. Buna səbəbkar isə Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov, əməliyyat şöbəsinin rəisi Azər Əliyev, əməliyyat və rejim-nəzarət işləri üzrə rəis müavini Elxan İsgəndərov, baş həkim v. i. e. Zahir Əliyev və infeksionist Asif Şirinovdur.

Özümə xəsarət yetirdikdən sonra isə sol qolumu cərraha sarıdaraq, məni qısa bir müddətdə cəza çəkdiyim 7 saylı müəssisəyə yolladılar. Hətta yazdığım aclıq ərizəmi belə rəis Mayıl Məmmədov qeydiyyata almadı. Mən aclıq ərizəmdə şəxsiyyətinə çox hörmət etdiyim etdiyim, Penitensiar Xidmətin rejim-nəzarət və əməliyyat idarəsinin rəisi, ədliyyə polkovniki cənab Mirsalah Seyidovla görüşmək tələbi qoymuşdum. Qeyd edim ki, bu günə kimi Penitensiar Xidmətin Baş İdarəsindən hər hansı məsul bir şəxs gəlib izahatımı almadı ki, mən hansı səbəbdən özümə xəsarət yetirmişəm?!

Mən media orqanları vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə, Prezident Administrasiyasının şöbə müdiri cənab Fuad Ələsgərova, ədliyyə naziri cənab Fikrət Məmmədova, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) xanım Səbinə Əliyevaya, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi cənab Rafael Mehdiyevə səslənərək, bilmək istəyirəm ki, sizlər üçün də bu ölkənin vətəndaşının, jurnalistinin, məhkumunun dəyəri yoxdur?! Ulu Öndər Heydər Əliyev kəlamlarının birində deyib ki, dövlətin mənbəyi xalqdır. Bəli, mən də xalqın bir nümayəndəsiyəm, bunu mənə qarşı haqsızlıq edənlər unutmasın!

Diqqətinizə görə, əvvəlcədən öz təşəkkürümü bildirirəm!”./yenisabah.az/