Prezident fərman imzaladı
    • 14-06-2023, 12:12
    • 280

Prezident fərman imzaladı

Prezident İlham Əliyev "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

News24.az xəbər verir ki, Fərmanda deyilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaradıb

Bununla belə, ölkədə ötən dövrdə tikinti fəaliyyəti subyektləri tərəfindən bəzi hallarda şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan qeyri-yaşayış təyinatlı binaların inşa edilməsi həmin tikililərin dayanıqlıq və möhkəmlik baxımından etibarlılığının qiymətləndirilməsini, üzərində mülkiyyət hüquqlarının tanınmasını və iqtisadi dövriyyəyə cəlbini çətinləşdirmişdir.