Sürücü avtomobilini çirkləndirən qadının sümüklərini sındırdı
    • 16-06-2023, 12:22
    • 192

Sürücü avtomobilini çirkləndirən qadının sümüklərini sındırdı

Xırdalanda taksi sürücüsü avtomobilini çirkləndirən qadını döyərək xəsarətlər yetirib. 

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə “Quşçuluq” yaşayış massivi M.Araz küçəsində baş verib.  Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Gülümbala Güləliyev “Opel Astra” markalı 77-PD621 dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə qonşusu Almaz Məmmədova tərəfindən çirkli su atıldığını görüb.

Belə ki, sürücünün yaşadığı evin qarşısında yol olmadığından o, avtomobilini A. Məmmədovanın evinin qarşısında saxlayırmış. Elə bu səbəbdən də onlarla aralarında mübahisə yaranırmış. Nəhayət hadisə baş verən gün Gülümbala avtomobilin yeniən qonşu qadın tərəfindən qəsdən çirkləndirildiyini görüb və ona hücum edib. O, qadının sağ qolunu dəmir darvazaya vurub və sol ayağına təpiklə zərbə endirib. Nəticədə qadın sağ mil sümüyünün tipik yerinin qapalı dəyişən sınığı, sol bazu və sol bud nahiyələrinin qançırları ilə müşayiət olunan bədən xəsarətləri alıb.

Bədən xəsarətləri alan qadına tibbi yardım göstərilib.

Hadisədən sonra G. Güləliyevə Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb. Abşeron rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə elektron nəzarət cihazı yerləşdirilib və yaşadığı yeri tərk etməmək, gecə ictima yerlərə çıxmamaq tapşırılıb.

Taleh BAĞIROV