Bakıda xadimə 1,2 milyon manatı necə ələ keçirdi? – ŞOK FAKTLAR
    • 17-06-2023, 12:41
    • 430

Bakıda xadimə 1,2 milyon manatı necə ələ keçirdi? – ŞOK FAKTLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü, Şamaxı rayonu Udulu kənd sakini Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə daha əvvəl təqsirləndirilmiş və müalicə üçün psixiatrik xəstəxanaya salınmış H.Allahverdiyevə bu dəfə həbs cəzası verilib. Onun psixi xəstəliyinin sağaldığı qeyd edilib və külli miqdarda ziyan vurmaqla dələduzluq etmə əməlində təqsirli bilinərək 7 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmədə bildirilib ki, Hicran Allahverdiyeva paytaxt ərazisindəki “Aqata” gözəllik salonunda xadimə işləyib. O, salonda tanış olduğu qadınlara Bakıda dərman şirkətinin açılacağını və həmin şirkətə pul qoyacaqları təqdirdə yaxşı gəlir əldə edəcəklərini bildirib. Bu adla H.Allahverdiyeva gözəllik salonunda işləyən qadınlardan birini və daha bir neçə tanışını aldadıb və onlardan 300 min və 60 min manat pul alıb.

Daha əvvəlki ittiham aktında isə H.Allahverdiyevanın ümumilikdə 6 qadına qarşı 1.2 milyon manatlıq dələduzluq etdiyi və bu məbləğdə pulu ələ keçirdiyi bildirilib.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş şəxslər H.Allahverdiyevanın tək olmadığını, gözəllik salonunun rəhbəri olan Ağa adlı şəxsin və digər şəxslərin də onunla əlbir olduğunu iddia ediblər.

Taleh BAĞIROV