Türkiyə Prezidenti SOCAR-a mükafat təqdim etdi
    • 22-06-2023, 18:24
    • 287

Türkiyə Prezidenti SOCAR-a mükafat təqdim etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” daha bir mükafata layiq görülüb.

News24.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqladığı “2022 İxrac Çempionları” siyahısında Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye holdinqi və ən böyük birbaşa xarici investoru olan "SOCAR Türkiyə" qrup şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” 3-cü yerdə qərarlaşıb.

Belə ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə “2022-ci ilin İxrac Çempionları” mükafatının təqdim edilmə mərasimi keçirilib. Mərasimdə ötən il Türkiyədə ən çox ixrac edən ilk 10 şirkətə mükafatları təqdim edilib.

Türkiyə Prezidenti “SOCAR Petrol Ticaret” şirkətinin mükafatını SOCAR-ın vitse-prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin üzvü Süleyman Qasımova təqdim edib.

S. Qasımov bildirib ki, SOCAR Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyətini dərk edərək, Azərbaycan və Türkiyəni gücləndirmək, sosial rifahı yüksəltmək üçün çalışır: “Biz son 15 ildə 18 milyard ABŞ dolları keçən yatırımlarla Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye holdinqiyik”.

O bildirib ki, şirkət investisiya və fəaliyyət gücü ilə Türkiyənin iqtisadiyyatına, sənayesinə və sosial inkişafına uzun illər xidmət etməyə qətiyyətlə davam edəcək: “Türkiyənin ilk 10 ixracatçısından biri olmaqdan çox qürur duyuruq. Bu uğurlarda əməyi olan bütün həmkarlarıma təşəkkür edirəm”./report/