Netanyahu təlaşda:
    • 23-06-2023, 11:55
    • 194

Netanyahu təlaşda: "Bu silahlar bizə qarşı istifadə edilə bilər"

Düşünürəm ki, İsrail, məsələn, Polşa, Almaniya, Fransa və ya Ukraynaya yardım göstərən hər hansı digər Qərb dövlətindən fərqli, xüsusi vəziyyətdədir. 

News24.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

“Birincisi, bizim Rusiya ilə yaxın hərbi sərhədimiz var. Pilotlarımız Suriya səmasında rus pilotlarla bərabər uçur. Və mən hesab edirəm ki, İranın şimal sərhədimizə hərbi qüvvələri yerləşdirmək cəhdlərinə qarşı azadlığımızı qoruyub saxlamağımız vacibdir”, - o deyib. 

Netanyahunun sözlərinə görə, İsrailin Ukraynaya təhvil verdiyi istənilən sistem Təl-Əvivə qarışı istifadə edilə bilər: “Həmin sistemlər İranın əlinə keçib bizə qarşı istifadə oluna bilər”.

“Yeri gəlmişkən, bu nəzəri bir ehtimal deyil. Bu, həqiqətən də indi sərhədlərimizdə tapdığımız Qərbin tank əleyhinə silahları ilə baş verdi. Ona görə də çox diqqətli olmalıyıq”, - deyə o bildirib. 

“Biz, əlbəttə ki, Ukraynada baş verən faciəyə, bu dəhşətli insan itkisinə görə təəssüflənirik. Bunun bitməsini istərdik. Düşünürəm ki, biz həm də xüsusi vəziyyətdəyik ki, gələcəkdə bu münaqişənin sona çatmasına kömək edəcək bir mövqedə ola bilərik. Bunun baş verəcəyinə əmin deyiləm. Bu, yalnız hipotetik ola bilər, amma baş verə bilər”, - Netanyahu bildirib. 

Baş nazirin fikrincə, İsrailin “balanslı” yanaşması düzgündür: “Beynəlxalq məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Rəğbət var, mülki müdafiəyə köməklik var. Amma hesab edirəm ki, biz xətti diqqətlə çəkməliyik və insanlar bunu başa düşməlidir. Deməliyəm ki, Qərb ölkələrinin hökumət başçılarının çoxu mən bunu onlara izah edəndə, əsasən, razılaşaraq başlarını tərpədirlər. Onlar başa düşürlər ki, İsrail onların hər birindən fərqli vəziyyətdədir”, - deyə o, yekunlaşdırıb.

Akqabay