Meyvə ağaclarına qulluq necə  edilməlidir?
    • 25-02-2019, 14:39
    • 3 654

Meyvə ağaclarına qulluq necə edilməlidir?

Ağaclara və kollara qulluq zəruri əməliyyatlar deməkdir.

News24.az xəbər verir ki, meyvə ağaclarına qulluq göstərilməsi ilə bağlı sualları ETSN-nin mütəxəssisi Gülnarə Məmmədova cavablandırıb.

Meyvə sortları nə vaxt əkilir?                                                             
Meyvə tinglərinin əsasən noyabrda, yarpaq töküləndən (vegetasiya dövrü dayandıqdan) sonra əkilməsi məsləhətdir. Payız mövsümündə əkilən ağaclar daha yaxşı inkişaf edir.        

Meyvə ağaclarına necə qulluq göstərilməlidir?                                      
Meyvə ağaclarının yaxşı inkişaf etməsi üçün gövdənin əhənglə rənglənməsi məsləhətdir. Bu, onu həşəratlardan və günəş şüalarından qoruyur. Belə ki, gündüz gövdə günəş şüasından qızır, axşam isə soyuyur, nəticədə gövdədə çatlar əmələ gəlir. Həmin yerlərdə həşəratlar yumurta qoyaraq çoxalır və ağac zəifləyərək ömrü azalır. Ona görə əhənglənməsi zəruridir. Gövdə qabığı qalın olan ağacların isə əvvəlcə üst qabığı təmizlənməlidir. Sonra kül və təsərrüfat sabunu qarışığından məhlul (5 qr sabun və 250 qr kül) hazırlanmalı və 1litr isti suda həll edilməlidir. Gövdə soyuq halda olan məhlulla dezinfeksiya edilir, daha sonra əhəng ilə ağardılır. Meyvə bağlarına qulluq mart ayında aparılmaldır, gövdə ətrafı çox dərin olmadan yumşaldılmalıdır və cərgə araları şumlanmalıdır. Payız mövsümündə ağaclara üzvü və mineral (fosfor və kalium ) gübrələr verilməlidir.  Ağaclar bar verdikdən sonra zəifləyir. Ona görə payız mövsümündə üzvü və gübrələri verdikdən sonra suvarmaq lazımdır. Azot gübrəsi isə ancaq yazda verilir.            
                                                     
Meyvə ağaclarının calaq edilməsi ilə bağlı tövsiyələriniz...                   
Meyvə ağacları növlərindən asılı olaraq may, avqust və sentyabr aylarında calaq edilir. Calaq mütləq işi bilən mütəxəssis tərəfindən aparılmalıdır.