Aydın Səfixanlı: “Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır”
    • 26-02-2019, 12:02
    • 980

Aydın Səfixanlı: “Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır”

Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır 27 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı genosid cinayətini törətmişlər. Uşaqların, qadınların, qocaların xüsusi amansızlıqla qətlə yetirildiyi o müdhiş gecədə bəşər tarixinin ən qatı cinayəti soyqırım hadisəsi baş vermişdir.

Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosid kimi tövsif edilməlidir.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir.

Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Həmin Konvensiyaya görə hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır.

 Analoji normalar Yuqoslaviya beynəlxalq cinayət tribunalının Nizamnaməsində, Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində və bir sıra dövlətlərin cinayət qanunvericiliyində, o cümlədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunmuşdur. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən adı çəkilən beynəlxalq sənədlərdə və cinayət qanunvericiliyimizdə təsbit olunmuş genosid cinayətinin tərkibini təşkil edən bütün əməllər törədilmişdir.

 Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almaması, bu cinayəti törədənlərin cəzalandırılmaması, günahkarların özlərini cəzasızlıq mühitində hiss edərək kütləvi insan qırğınları ilə müşayət olunan yeni cinayətlər törətməsinə rəvac vermişdir ki, bu da sülhə və bəşəriyyətə açıq təhdiddir.

 Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb etmişdir. Ümummilli liderin müraciəti əsasında 1994-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər beynəlxalq tədbirlərdə etdiyi çıxışlarda hər zaman Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edərək, beynəlxalq təşkilatların bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsini, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizminin olmasını, ikili standartlara yol vermədən beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsini qətiyyətlə tələb etmişdir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilməkdədir.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat qəbul edərək bu bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərir.

Bəyanatda Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməsi, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməsi, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunması, əsir və girovlar azad edilməsi, onlar öz doğma yurdlarına qayıtması, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarların tezliklə ədalət məhkəməsi qarşısında cavab verməsi tələb olunur. Ötən müddət ərzində həyata keçirilən uğurlu xarici siyasət nəticəsində bir çox ölkələrin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul olunmuşdur.

Qeyd etmək istərdim ki, Xocalı soyqrımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır. Məlumat üçün bildirim ki, beynəlxalq tribunallar, beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir.

 Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılmışdır. İlk dəfə ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunmuş, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalları yaradılmışdır. Hesab edirəm ki, Xocalı faciəsi zamanı baş verən hadisələr zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən törədilmə vaxtından asılı olmayaraq genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur.

Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılmış və 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilmişdir. BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair belnəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalət mühakiməsinə təhvil verilməlidir.

Hesab edirəm ki, Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı təcrübəni Xocalı soyqırımı cinayətini törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.


Aydın Səfixanlı 
Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru