Azərbaycan Türkiyə İş Adamları Birliyində Xocalı soyqırımı qurbanlarının xarirəsi anılıb
    • 23-02-2019, 15:56
    • 2 020

Azərbaycan Türkiyə İş Adamları Birliyində Xocalı soyqırımı qurbanlarının xarirəsi anılıb

Fevralın 23-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. Əvvəlcə Xocalıda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATİB-in idarə heyətinin üzvü Avni Demirçi 27 il əvvəl Xocalıda erməni quldur dəstələri tərəfindən baş vermiş qətilamı əslində dinc əhaliyə qarşı törədilən soyqırımı olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin və 366-cı motoatıcı alayının zirehli texnikası, hərbi heyətinin köməyi ilə Xocalı şəhərinə hücumu zamanı 613 nəfər həlak olub. Onların arasında yüzlərlə günahsız insan, o cümlədən, uşaq, qadın və qocalar olub.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımından və yaranma səbəblərindən danışıb.
Tarixi həqiqətləri dilə gətirən H.İsaxanlı qeyd edib ki, erməni millətçiləri daim Azərbaycan ərazilərinə iddia ediblər. Erməni tarixini təmamilə uydurma və cəfəng adlandıran rektor deyib ki, ermənilərin varlığı onların yazdıqları tarixlə bağlı olub. Erməni millətçiləri tarixi istədikləri kimi yazırlar. Onların əsas məqsədi böyük Ermənistan yaratmaqdır. Lakin bütün bunlar boş xəyaldan başqa bir şey deyil”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Anadolu Üniversitetinin ədəbiyyat fakültəsinin tarix bölməsinin nümayəndəsi Mehmet Topal və Azərbaycan Dövlət Universitetin tarix kafedrasının nümayəndəsi Əziz Boran bildiriblər ki, bu faciə heç bir vaxt unudulmamalı, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

//AZƏRTAC