Vyetnamda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
    • 25-02-2019, 16:59
    • 1 262

Vyetnamda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Azərbaycanın Vyetnamdakı səfirliyi Vyetnamın Sosial və Humanitar Elmləri Universiteti ilə birgə ali təhsil ocağında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirib.

Səfirlikdən bildiriblər ki, universitetin tələbə, professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış edən səfir Anar İmanov Xocalı soyqırımı haqqında dolğun məlumat verib. Səfir erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edərək, bu mənfur siyasət çərçivəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun yalnız mülki əhalinin məskunlaşdığı Azərbaycanın Xocalı şəhərinə hücum etdiyini bildirib. Qeyd olunub ki, uşaqdan yaşlıya qədər yüzlərlə insanın amansızcasına həyatına son qoyan bu soyqırımı aktı insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub.
A.İmanov Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunun mühüm tərkib hissəsi olduğunu bildirərək, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, görülən bu tədbirlər Xocalı soyqırımının törədilməsində günahkar olan bütün insanların cəzalandırılaraq məhkum ediləcəyinə ümid verir.
Səfir A.İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışaraq, münaqişə ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirib. O, məsələnin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü qeyd edib.
Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib, habelə səfirliyin Vyetnam dilində nəşr etdirdiyi "Xocalı soyqırımı" kitabı toplantı iştirakçılarına təqdim olunub.

//AZƏRTAC