Qarabağda 1500-dən artıq biznesmenin müraciəti qeydə alındı
    • 27-06-2023, 13:17
    • 338

Qarabağda 1500-dən artıq biznesmenin müraciəti qeydə alındı

Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1 500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 %-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir.

News24.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib: “Bu Qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir”.

"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həmçinin KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verib.

KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada 1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Agentlik tərəfindən təmin edilən KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 25 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin olunub", - məlumatda deyilir.