Diplomatımız BMT-də Ermənistanın yalanlarından danışdı
    • 28-06-2023, 10:51
    • 199

Diplomatımız BMT-də Ermənistanın yalanlarından danışdı

“Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında məlumatları açıqlamaqdan imtina edir. Nəticədə münaqişədən sonrakı dövrdə, yəni 2020-ci ilin noyabr ayından etibarən mina partlayışları zamanı 57 Azərbaycan vətəndaşı həlak olub, 247 nəfər yaralanıb. Ermənistan bütün minalanmış sahələr haqqında dəqiq və hərtərəfli məlumat paylaşmalı, mina terroruna son qoymalıdır”.

News24.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev Baş Assambleyanın plenar iclasında çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, 30 il ərzində Azərbaycanın suveren ərazilərini işğal edən Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq ağır cinayətlər törədib: “Ermənistan tərəfindən minlərlə azərbaycanlı kütləvi şəkildə qətlə yetirilib, 700 mindən çox insan etnik təmizləməyə məruz qalıb, 200 mindən çox azərbaycanlı öz tarixi vətənlərindən qovulub və hələ də geri qayıda bilmirlər. Münaqişə zamanı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi naməlum olaraq qalır. İşğaldan azad edilmiş ərazilərdə azərbaycanlı mülki şəxslərin qəsdən öldürülməsini ortaya qoyan bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşənlərin harada olduğuna dair məlumatları gizlədir. Bununla yanaşı, münaqişə dövründə Ermənistan tərəfindən Azərbaycanın tarixi torpaqlarını, yüzlərlə şəhər, qəsəbə və kənd yerlə-yeksan edilib və Azərbaycanın mədəni irsi talan edilib”.

T.Musayev bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra hələ də Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmaqdan imtina edir, mütəmadi olaraq atəşkəs rejimini pozur, ərazi iddialarını və nifrət təbliğatını davam etdirir.

Diplomat çıxışında Ermənistan nümayəndəsinin qərəzli və yalan bəyanatını faktlarla rədd edib: “Ermənistanın inadla istinad etdiyi qondarma “Dağlıq Qarabağ” artıq çoxdan inzibati-ərazi vahidi kimi mövcud deyil. Bu ərazi Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan bunu heç vaxt unutmamalıdır.

Beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların milli qəhrəman olduqları monoetnik Ermənistanın başqa ölkələrdə insan hüquq və azadlıqları haqqında danışması ironiya doğurur. Ermənistanın Laçın-Xankəndi yolunun qondarma “blokada”sı ilə bağlı iddiaları yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkəti və ondan humanitar məqsədlər üçün istifadəsinə əngəl yaratmayıb. Bunu Ermənistanın uydurmalarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar təsdiqləyir. Ermənistanın Azərbaycanın suveren ərazisi və ya ölkəmizin müstəsna hüquq, səlahiyyət və öhdəliklərinə aid olan məsələlərlə bağlı hər hansı bəyanat və ya şərh vermək üçün nə hüquqi, nə siyasi, nə də mənəvi əsasları yoxdur. Əvəzində Ermənistan öz beynəlxalq öhdəliklərinə diqqət yetirməli, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi əməl etməlidir”.