Fransada etirazçılar binaların şüşələrini sındırıb, avtomobilləri yandırıb
    • 29-06-2023, 20:20
    • 249

Fransada etirazçılar binaların şüşələrini sındırıb, avtomobilləri yandırıb

Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən “Ağ yürüş”ün iştirakçıları bəzi inzibati binaların şüşələrini sındırıblar.

News24.az “TASS”a istinadən xəbər verir ki, nümayişçilər bir neçə avtomobili aşıraraq yandırıblar.

Yürüşün keçirildiyi yol boyunca yerləşən kafe və mağazaların sahibləri tələsik pəncərələrini bağlayıblar.

Hüquq-mühafizə orqanlarının etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

“Le Parisien” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, ötən gecə Fransada 2400-dən çox yanğın hadisəsi qeydə alınıb. Nəticədə 609 avtomobil yandırılıb, 114 binaya ziyan dəyib. Eyni zamanda 27 polis bölməsi, 8 bələdiyyə binası və 6 məktəbə hücum edilib.

Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-dən 29-na keçən gecə onlarla polis maşını yandırılıb, komissarlıqlar, inzibati orqanların binaları yandırılıb, təhsil ocaqlarına ziyan dəyib.

Val-de-Marne departamentindəki Fren həbsxanasına daxil olmaq cəhdi barədə də məlumat verilib. İğtişaşların yatırılmasında iştirak edən 2 000 polis və jandarma əməkdaşlarının çoxu xəsarət alıb.

Fransa prezidenti Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün nazirlərarası komitənin təcili iclasını keçirib. Həmin gün Nazirlər Kabinetinin bütün üzvlərinə növbəti xəbərdarlığa qədər prioritet olmayan səyahətləri ləğv etmək əmri verilib.