Bakıda gecə evə gedən dostlar dəhşət yaşadı – BİRİ ÖLDÜ
    • 3-07-2023, 18:26
    • 480

Bakıda gecə evə gedən dostlar dəhşət yaşadı – BİRİ ÖLDÜ

Ötən ilin 28 iyun tarixində Bakı şəhər Nizami rayonu ərazisində - Babək prospektində “Opel” və “Ford” markalı avtomobillərin toqquşduğu dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.

News24.az-ın əldə etdiyi məlumata görə, İskəndər adlı gəncin ölümü, daha 2 nəfərin yaralanması ilə nəticələnən qəzanın “Opel”i idarə edən 1992-ci il təvəllüdlü Əli adlı gənc tərəfindən törədilməsi dəqiqləşib.

Araşdırmalar zamanı məlum olub ki, Əli və İskəndər hələ məktəb illərindən çox yaxın dost olublar. Hadisə baş verən gün İskəndər özünə məxsus “Opel Vectra” markalı avtomobillə Keşləyə Əlinin yaşadığı evə gedib. Onlar birgə gəziblər və gecə saatlarında Nərimanovda yaşayan və yaxın dostları olan Səbuhinin evinə gediblər.

Gecə saat 4-dək İskəndər, Səbuhi, Əli və Aqşin adlı daha bir dostu birgə yeyib-içiblər. Edən çıxarkən İskəndər sərxoş olduğunu deyib və  maşınını Əlinin sürməsini təklif edib. Onlar Babək prospektində hərəkətdə olarkən Əli svetaforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib.

Bu zaman onlar öz yolu ilə hərəkət edən “Ford Fusion” markalı avtomobillə toqquşublar. Nəticədə “Ford” idarəetmədən çıxaraq yaxınlıqdakı “Rich Plaza”nın binasına çırpılıb. “Opel”in ön sərnişin oturacağında əyləşən İskəndər isə zərbənin təsirindən açılan qapıdan yola yıxılıb.

Hadisədən sonra İskəndər xəstəxanaya çatırılıb və 2 gün sonra orada vəfat edib. 

Məlum olub ki, İsgəndər Vətən Müharibəsi iştirakçısı olub, medalla təltif edilib. O, müharibədən sonra Təhsil Nazirliyində işləyib və son olaraq BP şirkətində işləmək üçün kurslara gedirmiş. Hadisədən sonra Əli İskəndərin ailəsinə 20 min manat ödəyib. Lakin o, “Ford”a və “Rich Plaza”ya dəymiş zərəri ödəməyib.

Ekspertiza zaman Əlinin spirtli içkinin təsiri altında olmaması müəyyən edilib.

Nizami Rayon Məhkəməsində keçirilən proses bu ilin iyununda başa çatıb. Məhkəmə Əlini 2 il sürücülük hüququndan məhrum edilməklə 4 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Taleh BAĞIROV