Atasının dostuna məxsus avtomobili götürdü, saatda 140-la gedərkən dəhşətli qəza törətdi
    • 22-12-2021, 11:54
    • 889

Atasının dostuna məxsus avtomobili götürdü, saatda 140-la gedərkən dəhşətli qəza törətdi

Ötən il mayın 20-də Gədəbəydə 20 yaşlı Elxan Məmmədovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az
-ın məlumatına görə, Zəhmət kəndində "NAZ Lifan" markalı minik maşınının "Ford Escape" markalı avtomobillə toqquşması və 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin istintaqında bəzi faktlar üzə çıxıb.
Məlum olub ki, hadisə vaxtı 2000-ci il təvəllüdlü Rəşid Aslanzadə atasının dostuna məxsus olan və sürmək hüququ olmayan “Naz Lifan”ı saatda 130-140 kilometr sürətlə idarə edib. 

Avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn və eyni sürətlə hərəkətdə olan “Ford Escape”yə çırpılıb. Nəticədə “Naz Lifan”da olan sərnişin, 20 yaşlı Elxan Məmmədov aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, hadisədən əvvəl Rəşid dostu Elxanla babasının evinə gedib. Hadisə onlar birgə babası üçün bazarlıq edib geri qayıdarkən baş verib. Hadisəyə səbəb olan avtomobilin sahibi isə Rəşidin atasının yaxın dostu olub. Belə ki, 20 yaşlı oğlan Gədəbəydə babasının yanına gedəcəyini deyərək atasının dostundan maşını ona verməsini xahiş edib. Həmin şəxs də heç bir sənəd və ya etibarnamə olmadan maşını Rəşidə verib.

Məhkəmədə vəfat edən Elxanın atası Vətən Müharibəsi qazisi olduğunu bildirib və oğlunun ölümünə səbəb olan şəxslərin cəzalandırılmasını xahiş edib.

Gədəbəy rayon Məhkəməsi R.Aslanzadəni 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə, lakin cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verib.