"Space" Zamirə Dadaşovaya CAVAB VERDİ:
    • 6-07-2023, 18:46
    • 785

"Space" Zamirə Dadaşovaya CAVAB VERDİ: "Qohum yox, mütəxəssis yığırıq"

""Space"nin HR departamenti Zamirə xanımla dəfələrlə danışıb. Deyilib ki, ərizəni yazdığı təqdirdə sənədlərini götürə bilər. Ancaq Zamirə xanım həyat yoldaşını göndərir. Bu da qaydalara uyğun deyil. Şəxsin özü yaxınlaşıb sənədlərini götürməlidir. Qaydalar hamı üçün eynidir. Bir şəxs üçün qaydaları dəyişə bilmərik". 

Bunu News24.az-a açıqlamasında "Space" televiziyasının Reklam Departamentinin rəhbəri Vüqar Fətiyev tanınmış aparıcı Zamirə Dadavovanın paylaşımındakı sərt fikirlərə cavab olaraq deyib.

O, Z.Dadaşovanın səsləndirdiyi iddiaların əsassız olduğunu bildirib: "Bizim onun sənədlərini saxlamaqda nə məqsədimiz ola bilər?! Onun əmək kitabçası bizim nəyimizə lazımdır? Bu ittihamlar yalandır. Zamirə xanıma dəfələrlə zəng etməyimizə baxmayaraq, o, yaxınlaşıb qanuni prosedurları yerinə yetirmir”.
 
Vüqar Fətiyev  Vado Karovinin "Space"yə yalnız qohumlarını dəvət etməsi iddiasına da cavab verib: "Biz qohum yox, mütəxəssis dəvət edirik. Əməkdaşlarımızın hər birinin 20 illik təcrübəsi var. Məqsədimiz kanalı daha da irəli aparmaqdır. Zamirə xanımın proqramı reytinq vermədiyi üçün bağlanıb. Təzə rəhbərlik gəlib yenilik, dəyişiklik edir, öz komandasını formalaşdırır. Bu, hər yerdə belədir. Burda təəccüblü heç nə yoxdur. Biz yeni efir, yeni  sistem qururuq".

Reklam Departamentinin rəhbəri onu da əlavə edib ki, "Space"də maaşların gecikdirilməsi haqda fikirlər də doğru deyil: "Heç bir gecikmədən söhbət gedə bilməz. Ümumiyyətlə, o xanımın paylaşımındakı fikirlərin heç biri həqiqət deyil. Burda hər kəs maaşını vaxtlı-vaxtında alır”.

Məsələyə "Space"nin İctimaiyyətlə Əlaqələr Departamentindən də münasibət bildirilib.

Qeyd edilib ki,  Zamirə Dadaşovanın əmək kitabçasının verilməmə səbəbi  onun qanuni prosedurlardan keçmək istəməməsi ilə bağlıdır: "Əsas səbəb sponsordan gələn pulun şirkətə daxil olmamasıdır. Zamirə xanım verlişində sponsor olan şirkəti təşkilatı dəstəkçi kimi təqdim etməyə çalışırdı. Biz də bununla razılaşmadıq. Bildirdik ki, böyük şirkətdir və hər şey qanun çərçivəsində olmalıdır. Təklif də etdik ki, gəlib rəsmi razılaşsınlar. Bununla razılaşmadı. Biz də loqoların verlişdən çıxarılacağını və təşəkkür edilməyəcəyini dedik. Razılaşmadı və verliş bağlandı. Müqaviləsiz şirkət reklam olunurdu və biz o qanunsuzluğun qarşısını aldıq. Əmək kitabçasını saxlamaq məsələsinə gəldikdə isə səbəb Zamirə Dadaşovanın qanuni proseslərdən keçmək istəməməsi ilə bağlıdır. Gəlsin, işdən aktlarla, əmrlərlə çıxarılsın, əmək kitabçasını götürsün”.

Qeyd edək ki, ötən gün tanınmış aparıcı Zamirə Dadaşova sosial şəbəkədə "Space"  MMC-nin direktoru Vado Karovinin ünvanına sərt ittihamlar səsləndirib. O, heç bir səbəb olmadan aprelin 1-də müəllifi olduğu “Acıq söhbət” verilişinin efirdən çıxarıldığını bildirib. Aprelin 27- də isə ona Vado Karovinin imzasıyla ixtisara düşdüyü haqda xəbərdarlıq göndərildiyini diqqətə çəkən aparıcı aprel ayından bu günə qədər dəfələrlə müraciət etsə də, əmək haqqını, əmək kitabçasını və işdən çıxarıldığı barədə əmrin surətini ala bilmədiyini qeyd edib. Vado Karovini telekanalda işçilərin hüquqlarını pozmaqda, qanunsuz əməllərə yol verməkdə, yaxın qohumlarını işə düzəltməkdə ittiham edən Zamirə Dadaşova baş verən qanunsuzluqlarla bağlı müvafiq instansiyalara müraciət edəcəyini bildirib.