Azərbaycan sədrliyi Uqandaya təhvil verəcək
    • 6-07-2023, 19:47
    • 167

Azərbaycan sədrliyi Uqandaya təhvil verəcək

İki gün ərzində ölkəmizdə keçirilən Qoşulmamam Hərəkatının xarici işlər nazirlərinin koordinasiya iclası Azərbaycanın sədrliyi ilə sonuncu beynəlxalq tədbir idi. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi yanvarda Uqandaya təhvil verəcək.

News24.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları bağlı jurnalistlərə açıqlamasında deyib.

“Təbii ki, iclasın hazırlıq mərhələsi uzun müddət davam edib. 120 ölkəyə aid olan böyük sənədlər paketinin hazırlanması 2 ay ərzində aparılıb və Nyu-Yorkda 2 ay ərzində sənədlər üzərində iş gedib. İclasdan iki gün öncə həmin bu prosesin sonuncu razılaşdırma mərhələsi həyata keçirilib. Nəticə etibarilə, yanvar ayında Kampalaya təhvil verməli olduğumuz yekun sənədlər razılaşdırıldı, 1356 maddədən ibarət əsas sənədlər qəbul olundu”, - nazir əlavə edib.

Azərbaycanlı nazir sonda QH-yə sədrlik edəcək Uqandaya uğurlar arzu edib və bildirib ki, sədrliyə hazırlıq prosesində Azərbaycan Uqandaya yardım etməyə hazırıdır.

O da qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə QH-nin rəsmi emblemi və loqosu ilə bağlı təşəbbüs irəli sürülüb: “Biz ölkələri bu prosesi dəstəkləməyə və həmrəylik göstərməyə çağırırıq”.

Nazir deyib ki, sektoral əməkdaşlıq üçün də Azərbaycan tərəfi təşəbbüslər irəli sürüb ki, buna QH ölkələrinin elm və təhsil nazirlərinin, informasiya və texnologiya nazirlərinin görüş platformaları yaradılması daxildir.

C. Bayramov əlavə edib ki, bu il iqlim məsələləri ilə bağlı da nazirlərin görüşün təşkil olunması da planlaşdırılır.