-
- 11-05-2024, 12:10
- 346
Xarkovda əhali təxliyə edildi
Rusiyanın yeni hücuma keçdiyi Ukraynanın Xarkov vilayətindən yüzlərlə insan qaçmalı olub.
News24.az AFP xəbər agentliyinə istinadən xəbər verir ki, vilayət qubernatoru bu gün verdiyi açıqlamada Moskvanın quru əməliyyatına başlamasından bir gün sonra Xarkovda Rusiya sərhədinə yaxın ərazilərdə yaşayanların təxliyə edildiyini bildirib.
Qubernator Oleq Synegubov sosial media hesabından verdiyi açıqlamada “Ümumilikdə 1775 nəfər təxliyyə edilib”, son 24 saatda bölgədəki 30 yaşayış məntəqəsinə Rusiya artilleriya və minaatan hücumları həyata keçirildiyini qeyd edib.
Qeyd edək ki, Rusiya ötən gün Xarkovu havadan bombardman edib və hücumda bir nəfər ölüb.
Kiyev rəsmiləri həmçinin Rusiyanın diversiya qruplarının zirehli texnika ilə Xarkov sərhədini keçməyə cəhd etdiklərini, lakin dəf edildiyini açıqlayıblar.
Ukrayna Müdafiə Nazirliyi bölgəyə əlavə qüvvələrin göndərildiyini bildirərkən, prezident Vladimir Zelenski Rusiya ordusunun Ukraynaya qarşı yeni əks-hücum dalğasına başladığını vurğulayıb.
Günel Məlikzadə