Mərkəzi Bankın müstəqilləşməsi nə vəd edir?
    • 7-07-2023, 15:01
    • 656

Mərkəzi Bankın müstəqilləşməsi nə vəd edir?

Milli Məclis Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsini nəzərdə tutan qanun layihəsini III oxunuşda təsdiq edib.

Dəyişikliyə əsasən, Mərkəzi Bankın gəlirləri yalnız ona məxsusdur və dövlətin öhdəliyinə AMB cavabdeh olmayacaq.
Bəs bu qanun layihəsi vətəndaşlara nə vəd edir?


News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov yeni qərarın kredit faizlərinin qısa zamanda azaldılmasına təkan verə biləcəyini bildirib: “Mərkəzi Bankın müstəqil fəaliyyət göstərməsi bank sektorunda yeni alətlərin tətbiq edilməsinə imkanlar yaradır. Ümumiyyətlə, Mərkəzi Bank Azərbaycanda xüsusi statusa malik olan qurumlardandır. Yeni qərarda AMB-ın müstəqilliyinin daha da artırılması, eyni zamanda, bir sıra məsələlərdə banklara da müstəqilliyin verilməsi nəzərdə tutulur. Bank filiallarının açılması ilə bağlı qərarın banklar tərəfindən verilməsi asanlaşır. Dünya praktikasına nəzər salsaq, xüsusilə, inkişaf etmiş ölkələrdə Mərkəzi Banklar müstəqildirlər, bu səbəbdən də qanunvericiliyə dəyişiklik edildi. Azərbaycanda da AMB müstəqilliyinin genişləndirilməsi müasir çağırışlara uyğun olaraq həyata keçirilirməlidir”.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, AMB-ə iqtisadi müstəqilliyin verilməsi ilə o qiymətli kağızlar bazarının iştirakçısı ola bilər: "Mərkəzi Bank yatırım edə bilər. Mərkəzi Bankın müstəqilliyinin olması prestijdir. Beynəlxalq praktikada da bu, belədir. Lakin qiymətli kağızlar bazarının inkişafı təkcə Mərkəzi Bankla mümkün deyil. Qiymətli kağızlar bazarının inkişafı üçün iqtisadiyyatda özəlləşdirmə də olmalıdır, səhmdar cəmiyyətlərin dövriyyəsi artmalıdır".

Nərmin Murad