“Kredit faizlərinin artmasından söhbət gedə bilməz” – Ekspertdən AÇIQLAMA
    • 2-02-2023, 15:23
    • 448

“Kredit faizlərinin artmasından söhbət gedə bilməz” – Ekspertdən AÇIQLAMA

Bu gün deputat Vüqar Bayramov Azərbaycanda kredit faizlərinin artacağı barədə açıqlama verib.

Millət vəkili bildirib ki, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq.

İqtisadçı ekspert Rauf Qarayev News24.az-a açıqlamasında məsələni şərh edib:

“Mərkəzi Bankın faiz dərəcəsini 0,25 faiz bəndi artırması son vaxtlar ölkəyə axın edən valyutanın çoxluğu ilə bağlıdır. Bunun nəticəsində valyuta sayı artdığı üçün bankların gəlirləri də artıb. Bankların gəlirlərinin artması müsbət haldır.

Tövsiyəm odur ki, əgər valyuta axını yüksəkdirsə, yəni Mərkəzi Bankın valyutası çoxdursa, bunu qənaətlə istifadə etmək lazımdır. Çünki dünya ölkələri böhranla üzləşir. Bu baxımdan, valyuta axınını tənzimləmək lazımdır.

Bununla bağlı Maliyyə Monitorinq Sistemi də müəyyən işlər görür ki, ölkəyə daxil olan valyutanın kənara axını müşahidə olunmasın”.

Ekspert depozitlərin vergiyə cəlb olunması məsələsinə də toxunub:

“Bu, 10 faiz müqabilində qeyd olunur. Şəxs əgər banka pul qoyubsa, onun faiz nisbətində vergiyə cəlb olunması tək Azərbaycana xas xüsusiyyət deyil. Bir çox ölkələrdə bu tendensiya var. Burada dəyişiklik də baş verib. İstiqrazlar və qiymətli kağızlar da dövriyyəyə buraxılır və beş il müddətinə vergidən azad edilir. Məqsəd də odur ki, şəxslər istiqrazları əldə etdikdən sonra sahibkarlıqla məşğul ola bilsinlər. Amma bununla bağlı bir çox problemlər var.

Depozitlərin vergiyə cəlb olunması və kredit faizlərinin yüksəlməsinə gəlincə, inanmıram ki, əhaliyə verilən kredit faizləri yüksəlsin. Mərkəzi Bankın son açıqlamasında qeyd edilir ki, ölkədə valyuta ehtiyatı çoxdur. Bunun müqabilində kredit faizlərinin yüksəlməsi məntiqlə düz deyil. Başqa ölkələrlə müqayisədə, bizdə kredit faizləri onsuz da yüksəkdir. Bir qədər yüksəlməsi də iqtisadi proseslərlə uzlaşmır.

Mərkəzi Bank bir çox banklara valyuta verir. Orada hər hansı dəyişiklik olmadığı üçün kredit faizlərinin artmasından söhbət gedə bilməz. Əgər Mərkəzi Bank verdiyi valyutanın faizlərini artırsaydı, o halda bu barədə danışmaq olardı. İndiki halda, Mərkəzi Bankın son qeydlərinə əsasən, bunu müşahidə etmək mümkün deyil. Onlardan soruşanda da bunu qeyd etmədilər.

Depozitlərin vergiyə cəlb olunması Vergi Məcəlləsi ilə tənzimlənir. Sərmayə qoyan bilməlidir ki, onun dividendindən 10 faiz vergi tutulub büdcəyə ödəniləcək. Bu, əgər bankla bağlı olsaydı, digər məqamlara toxunmaq olardı”.