"Neçə nazir gəldi-getdi, amma bu problem həll olunmadı" - SƏRT REAKSİYA
    • 12-07-2023, 18:31
    • 1 123

"Neçə nazir gəldi-getdi, amma bu problem həll olunmadı" - SƏRT REAKSİYA

“Son 30 ildə təhsil sistemimiz düz strukturlaşmayıb. Struktur düz aparılanda karbon atomları almaz maddəsini, səhv aparanda isə kömürü yaradır. Struktur əsasdır, xassə törəmədir. Ona görə də bizim ali məktəblər o siyahıda min universitetin arasında yer almayıb”.

Bu fikirləri News24.az-a əməkdar elm xadimi, professor Şahlar Əsgərov dünyanın məşhur reytinqində (QS World University Rankings) Azərbaycan universitetlərinin heç birinin ilk 1000-likdə yer almaması ilə bağlı danışarkən deyib. 

“Sovetlər zamanı partiya qorxusu heç kəsin təhsil sistemində səhv addım atmasına imkan vermirdi. İndi yeni quruluşun qaydaları özəl universitetlərin yaradılmasına yol açır. Artıq otuz yaşını qeyd edən özəl universitetimiz var. Ancaq özəl və dövlət universitetləri arasında rəqabət yoxdur. Rəqabət olmadığından da inkişaf yoxdur. İnkişaf olmadığı üçün reytinq cədvəllərində arzu olunan yerimiz yoxdur. Səhv hardadır? Bu suala düzgün cavab tapmaq üçün əvvəlcə sadə bir suala cavab verək. Uğurla fəaliyyət göstərən bir şirkətin iki və ya üç flialı arasında rəqabət mümkündürmü? Əlbəttə mümkün deyil. Bü gün təhsil sistemini idarə edənlər hesab edirlər ki, bu mümkündür. Səhv düşünürlər. Elm deyir ki, mümkün deyil. Rəqabətin baş verməsi üçün təhsilin idarəetmə fəlsəfəsi dövlət və özəl universitetlərdə müxtəlif olmalıdır. Əgər həm dövlət, həm özəl universitetlər məzunlara dövlət nişanlı diplom verirsə, deməli, bu fəlsəfə eynidir. Bütün geri qalmanın əsas səbəbi budur”.

Professor digər bir səbəb kimi ali məktəblərə qəbul imtahanının sərt olmasını göstərib: “Sovet dövründə belə imtahana ehtiyac var idi. İndi buna qətiyyən ehtiyac yoxdur. Əgər qəbul imtahanı yumşaldılarsa, birinci orta məktəblərin 10 və 11-ci  sinifləri sagirdlərlə dolar, repetitorluq yox olar, xəstəlik sağalar”.

Ş.Əsgərov qeyd edib ki, inkişafa mane olan səbəb həm də biliyin qiymətləndirilməsindəki özbaşınalıqdır. “Nə bu gün, nə də gələcəkdə dövlət tapmaq mümkün olmaz ki, orada bilik  5, 10, 60, 100, 300, 700 ballıq şkala ilə qiymətləndirilsin. Hələ 2000-ci illərdə bir 9 ballıq şkala da səhvən bir müddət tətbiq edildi. Bu özbaşınalıq təhsil sisteminin sağalmasına imkan vermir. Neçə nazir gəldi-getdi, heç kəs bu problemi həll etmədi və ya edə bilmədi. Məsələn, fərz edək ki, məişətdə uzunluq vahidi olaraq santimetr və metrdən əlavə olaraq qarış, qulac, dirsək, arşın və sairdən istifadə edilərsə, bu yaşam tərzimizi rahatlaşdırar, yoxsa dolaşdırar? Bu qüsur də təhsil sisteminin sağalmasına imkan vermir. Digər səbəbər də var”, - Ş.Əsgərov vurğulayıb.

Qeyd edək ki, dünyanın ən yaxşı universitetlərinin reytinqini ölçən məşhur “QS World University Rankings”in siyahısında Azərbaycanın cəmi 3 universiteti yer alıb, onların heç biri ilk 1000-likdə deyil: İqtisad Universiteti (1001-1200), Bakı Dövlət Universiteti (1001-1200) və Neft və Sənaye Universiteti (1201-1400). 

Gürcüstan bir universiteti (Ivane Javakhishvili Tbilisi State University - 801-850), Türkiyənin isə 25 universiteti reytinq siyahısında yer alıb, onlardan 10-u ilk 1000-likdədir. Qazaxıstanın siyahıda yer alan 21 universitetindən 13-ü, Qırğızıstanın isə 1 univeristeti ilk 1000-likdədir.  

Akqabay Mıradov