Özəl ali təhsil müəssisələri həm təhsilin səviyyəsini qaldırmalı... - DİM
    • 23-09-2019, 15:14
    • 878

Özəl ali təhsil müəssisələri həm təhsilin səviyyəsini qaldırmalı... - DİM

Özəl ali təhsil müəssisələri həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər”.

News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Qeyd olunub ki, özəl ali təhsil müəssisələri, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir: “Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.

2018-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.65% olub (2017-ci ildə bu göstərici 9.07% olub). 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olub. On beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyil.

2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər. Bunun üçün isə onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsilhaqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər.

Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Hesab edirik ki, bu amil mütləq birinci kursların tədris planlarında nəzərə alınmalıdır”.