Aşura günündə qanvermə aksiyası: ÜNVANLARIN SİYAHISI
    • 13-07-2023, 15:48
    • 283

Aşura günündə qanvermə aksiyası: ÜNVANLARIN SİYAHISI

Məhərrəm ayı iyulun 19-da başlayacaq. Aşura günü isə iyulun 28-nə təsadüf edəcək.

Bunu News24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev deyib. O xatırladıb ki, hər il olduğu kimi bu ildə qanvermə aksiyası təşkil olunacaq:

"Gələn həftə Məhərrəmliklə bağlı fətva olacaq. Qanvermə aksiyaları hər il harada olurdusa, indi də orada olacaq. Bu aksiya həm şəhərlərdə, həm də rayonlarda təşkil edilir. Adətən Aşura günündə bu aksiya təşkil olunur. Bizim əlimizdə olan təqvimə əsasən Aşura günü iyulun 28-nə təsadüf edir".

Qeyd edək ki, bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək. Qanvermə aksiyası Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı,
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu Şah Abbas məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu Qaraçuxur məscidi, Yasamal rayonu Təzə Pir məscidi, Yasamal rayonu Hacı Soltanəli məscidi, Binəqədi rayonu İmam Əli məscidində olacaq. 

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də təşkil olunacaq. 

Aynurə Pənahqızı