Bakıda leysan: temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq
    • 14-07-2023, 16:37
    • 339

Bakıda leysan: temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, iyulun 16-sı əsasən səhər və axşam, 17-də arabir yağış yağacağı gözlənilir:

“Yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".