Ermənistanın Qarabağ məğlubiyyətindən sonra “qisas” ümidi: Bu dəfə ABŞ-a ağız açdılar
    • 20-07-2023, 13:11
    • 189

Ermənistanın Qarabağ məğlubiyyətindən sonra “qisas” ümidi: Bu dəfə ABŞ-a ağız açdılar

Ermənistan Baş Qərargah rəisi Asryan ABŞ-da səfərdədir. O, ötən gün Pentaqonda yüksək çinli ABŞ hərbçiləri ilə görüşərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Erməni politoloq David Arutyunov erməni tərəfinin PUA-lara marağını və onların təyyarələrlə müqayisədə ucuzluğunu əsas tutaraq, mümkün əməkdaşlığın məhz bu seqmentə aid olacağını bildirib.

Ermənistanın yeni silahlar alması, hərbi əməkdaşlığı gücləndirməsi, atəşkəsi tez-tez pozması Qarabağ mməğlubiyyətindən sonra “qisas” addımlarıdırmı?

Siyasi şərhçi Orxan Amaşov məsələni News24.az-a şərh edib. 

O bildirib ki, Ermənistanın hərbi potensialını dirçəltməsi istiqamətində atdığı addımlar normaldır: “Lakin ABŞ-nin Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında hərbi balansa təsiri baxımından atacağı addımlarda bizim üçün böyük təhlükə görmürəm. Çünki Vaşiqnton çox rasional oyunçudur. Onlar üçün prioritet öz maraqlarının təmin olunmasına yönəlib. ABŞ regionda ən güclü olan qüvvə ilə münasibətlərin daha yaxşı olmasında maraqlıdır. 2020-ci ildən sonra Cənubi Qafqazdakı reallıqda Azərbaycan çox güclüdür. Baxmayaraq ki, Bayden adminstrasiyası bizim tərəfimizdən ermənipərəst görünür, lakin ABŞ-nin xarici siyasəti erməni lobbisindən az təsirlənir. Ona görə də sülh danışıqları prosesində ABŞ təzyiqi bizə yox, Ermənistana edir. Bu baxımdan Vaşinqtonda gedən danışıqlardakı dinamika bizim maraqlarımıza uyğundur”. 

O.Amaşov qeyd edib ki, Ermənistan dövlətinin subyektivlik baxımından çox ciddi problemləri var: “Ermənistan Nikol Paşinyanın simasında subyektivliyini artırıb Rusiya asılılığından qurtulmaq istəyir. Ermənistan çoxvektorlu siyasət yürüdür. Bu dövlət çox sayda güc mərkəzi ilə münasibətləri təsis edib, öz təhlükəsizliklərini qorumaq istəyir. Lakin bu siyasəti o dövlətlər həyata keçirə bilir ki, münasibətlərdə qarşı tərəfə nəsə verə bilsinlər. Ermənistanın verə biləcəyi nəsə yoxdur. Ermənistanın ikili siyasəti, çox sayda güc mərkəzləri ilə təhlükəsizliyini təmin etməsi onlar üçün çox böyük zərərdir”.