Türkiyə güclü zəlzələyə hazırlıq görür: Bəs, Bakı?- Açıqlama
    • 20-07-2023, 21:30
    • 318

Türkiyə güclü zəlzələyə hazırlıq görür: Bəs, Bakı?- Açıqlama

Aylardır İstanbulda baş verməsi ehtimal edilən dağıdıcı zəlzələ ilə bağlı mütəxəssislər tərəfindən xəbərdarlıq edilir. Vaxtında tədbir görülməyəcəyi təqdirdə qarşısıalınmaz fəsadların ortaya çıxacağı deyilir. Türkiyə ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki dünən iclasda bildirib ki, gələn həftədən artıq fəlakətə hazırlıq prossesinə başlanılacaq.

Türkiyəli seysmoloq Naci Görür 17 milyon əhalisi olan İstanbulun yerləşdiyi Mərmərə dənizində 7,2-7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb. O bildirib ki, təkanlar Mərmərə dənizində güclü sunamiyə səbəb ola bilər.

Onun sözlərinə görə, sunami olarsa, şəhərin bir hissəsi su altında qalacaq və bütün ölkə onun nəticələrini hiss edəcək. Bu baxımdan İstanbuldakı binaların davamlılıq qabiliyyəti araşdırılır. Müvafiq qabaqlayıcı tədbirlərin görülməsinə start verilir.

Bəs, Azərbaycanda da bu istiqamətdə hər hansı bir iş görülür? Bina və ərazilər araşdırılır? Xatırladaq ki, bu il sakinlər tərəfindən məlumat yayılmışdı ki, ən son zəlzələdən sonra Qobu Park Yaşayış Kompleksində binada 40 sm əyilmə müşahidə edilib. 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı News24.az-a mövzu ilə bağlı münasibət bildirib.

“O zaman Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılacağı haqda məlumat verilmişdi. Deyilmişdi ki, o komissiya bina və ərazilərin zəlzələyə davamlılığını araşdıracaq. Lakin hazırda oratada yekun mövqe yoxdur. Hesab edirəm ki, dövlət qurumlarının rəsmi mövqeyi olmadan məsələ ilə bağlı açıqlama vermək doğru olmazdı, çünki burada məsuliyyət bilavasitə məsələni nəzarətdə saxlayan icra hakimiyyəti orqanlarının və Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür”.

R.Osmanlı həmçinin bildirib ki, Türkiyədəki zəlzələnin Bakıda baş verməsi olduqca böyük fəsadlar yarada bilər: “Çünki Bakıda əsas problem keyfiyyətsiz binalarla yanaşı, istismar müddətini başa vurmuş köhnə yaşayış binalarıdır. Bakıda bu cür binalar həddindən artıq çoxdur”.

Arzu