BMT Rusiyanın Ukrayna limanlarına hücumlarını pisləyib
    • 21-07-2023, 00:30
    • 205

BMT Rusiyanın Ukrayna limanlarına hücumlarını pisləyib

“BMT-nin Baş katibi Rusiyanın Ukrayna limanlarına hücumlarını qətiyyətlə pisləyir. Hücumlar mülki infrastruktura ziyan vurur və beynəlxalq humanitar hüququ pozur”.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Sözçü bildirib ki, hücumlar Rusiyanın BMT ilə Anlaşma Memorandumu çərçivəsində götürdüyü öhdəliklərə ziddir:

“Rusiya Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından ərzaq, günəbaxan yağı və gübrələrin maneəsiz ixracını asanlaşdırmaq üçün BMT ilə müqaviləyə imza atıb. Bu gün həmin müqavilənin şərtlərinə əməl olunmur. Bu hücumlar Ukraynadan kənarda da öz təsirini göstərir.

Biz bunun artıq qlobal bazarda buğda və qarğıdalı qiymətlərinə mənfi təsirini görürük ki, bu da hər kəsə zərər verir. Baş katib həmçinin xatırladır ki, mülki infrastrukturun dağıdılması beynəlxalq humanitar hüququn pozulmasıdır və bu qəbuledilməzdir".

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri sazişə qarşı çıxıb. Rusiya “Taxıl sazişi”nin müddətinin uzadılması üçün BMT-dən şərtlərinin yerinə yetirilməsini tələb edib və BMT-yə 90 gün vaxt verib./Report/