Türkiyədə dərman KƏSKİN BAHALAŞDI: bəs Azərbaycanda necə olacaq?
    • 25-07-2023, 15:50
    • 323

Türkiyədə dərman KƏSKİN BAHALAŞDI: bəs Azərbaycanda necə olacaq?

Xəbər verdiyimiz kimi, Türkiyədə dərmanların qiymətində istifadə edilən 1 avronun dəyəri 30,5 faiz artırılaraq 14,0387 türk lirəsi (TL) olub. Azərbaycanda dərman idxalının böyük hissəsi məhz qardaş ölkənin payına düşür. Belə olduğu halda bahalaşma ölkəmizə təsir edəcək?


Mözu ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, artım Azərbaycana təsir etməyəcək:


"Türkiyədə dərmanların qiyməti lirə ifadəsində artıb. Əvvəl 1 AZN təqribən 10 lirə idi, amma indi 13 lirədir. Buna görə Azərbaycanda qiymət artmamamlıdır. Eyni zamanda bu, Türkiyənin daxili problemidir. Sözsüz ki, bəzi işbaz dərman şirkətləri fürsətdən istifadə edib, qiymətləri süni qaldıra bilər”.


İqtisadçı Eldəniz Cəfərov isə hesab edir ki, Türkiyədəki dərmanların bahalaşması, mütləq şəkildə ölkəmizə də təsir edəcək.


"Azərbaycanda dərman təchizatının həyata keçirilməsində Türkiyənin rolu çox böyükdür. Buna görə də təsirsiz ötüşməyəcək. Bu təsirin azaldılması hazırki şəraitdə mümkün deyil. Ancaq əlavə dəyər vergisindən azad etmək şərtilə artımın qarşısını almaq mümkündür", - deyə ekspert yekunlaşdırıb.


Qeyd edək ki, Türkiyədə dərman vasitələrinin qiymətləri tənzimlənərkən daxili satış üçün valyuta kimi istinad olaraq avro əsas götürülməklə onun məzənnəsi tənzimləyici tərəfindən müəyyənləşdirilir. Qeyd olunan məzənnə daxili satış üçün olduğuna görə dərman vasitələri ixrac olunarkən həmin məzənnə tətbiq edilmir.

İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil.


Aydan