Boşananlar xəyanətə görə təzminat ala bilər? - Açıqlama
    • 26-07-2023, 13:03
    • 954

Boşananlar xəyanətə görə təzminat ala bilər? - Açıqlama

Bu ilin ilk beş ayında Azərbaycanda boşanmaların sayı artıb. 


Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Amma bu, yalnız Azərbaycanda belə deyil. Dünyada da boşanmaların sayı kəskin artıb. Mütəxəssislər vəziyyəti təhlükəli adlandırmaqla yanaşı artıq həyacan təbili çalır. Avropa, ABŞ və Rusiya kimi ölkələrdə boşanma səviyyəsi bağlanan nikahların səviyyəsini ötüb. Statistikaya görə, hər üç evlilikdən biri boşanma ilə nəticələnir. 


Dünyada boşanmaların səbəbləri barədə müəyyən araşdırmalar aparılır və statistik məlumatlar ortaya qoyulur. Ekspertlərin araşdırmalarına görə, boşanmalar əsasən, dörd səbəbdən baş verir: 


1.Seksual uyuşmazlıq 

2.Xarakter müxtəlifliyi 

3.Maliyyə çətinlikləri 

4.Əqli, fiziki, yaxud müxtəlif xəstəliklər.


Göründüyü kimi, tərəfələr arasında münaqişəyə səbəb olan əsas amillərdən biri də məhz maddi sıxıntılar və mülkiyyət məsələsidir. 

Ölkəmizdə insanlar ailə qurduqda nikah müqaviləsi bağlamadığı üçün boşandıqları zaman mülkiyyət məsələlərinə görə mübahisələr, anlaşılmazlıqlar yaşayırlar. 


Bəs, qanunvericilikdə bu məsələnin tənzimlənməsi necə nəzərdə tutulub?


Mövzu ilə bağlı News24.az-a danışan hüquqşunas Babək Qocayev bildirib ki, Azərbaycan Ailə Məcəlləsində nikaha daxil olanlara Nikah müqaviləsinin bağlanması tövsiyə olunur: 


"Təcrübədə nikaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Nikah müqaviləsində istənilən şərti qeyd etmək olar". 


Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəzi xarici ölkələrin qanunvericiliyində, xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu, mümkün deyil. Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və mənəvi zərər məsələsinə baxılmır.

Bəs bu praktika ölkəmizdə tətbiq edilə bilərmi?


Vəkil qeyd edib ki, Azərbaycanda da bunu tətbiq etmək mümkündür: 


"Tərəflərdən heç biri digərini müqavilə bağlamağa məcbur edə bilməz. Bu müqavilə yalnız iki tərəfin də razılaşması ilə bağlana bilər". 


B.Qocayev bildirib ki, nikaha girmək üçün 3 əsas şərt var:  Tərəflərin razılığı, nikah yaşına çatma, sağlamlıq barədə tibbi arayış.


Hüquqşunas sonda qeyd edib ki, ölkədə boşanmaların sayını və məhkəmələrin iş yükünü azaltmaq üçün təqdim olunan iddia ərizələrindən daha çox rüsum almaq olar. Beləliklə, boşanmaq istəyən tərəf məhkəmədə iddia qaldıranda məhkəmənin depozit hesabına övladının 18 yaşına çatana qədər olan aliment məbləğinin cəmi formasında pul tələb olunsa, boşanmalar 70-80 faiz azalar.


Aydan