Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq
    • 2-03-2019, 22:16
    • 1 158

Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq

Azərbaycanlı karateçi Asiman Qurbanlı (+84 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən nüfuzlu A Seriyası turnirinin finalına yüksəlib.

News24.Az bildirir ki, bir-birinin ardınca Fransa, İtaliya, İran və Ekvadordan olan rəqiblərini məğlub edən A.Qurbanlı yarımfinalda son dünya çempionu Yonatan Horneyə (Almaniya) qalib gəlib. 
Sabah qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir. 
Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (-60 kq) isə yarışın son günü Qazaxıstan idmançısı Kaysar Alpisbayla bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər yarışlarından olan A Seriyası turnirinin ilk mərhələsində rekord sayda – 99 ölkədən 2057 karateçi iştirak edir. “Zalsburq Arena”da təşkil edilən turnirdəki digər idmançılarımız – Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və dünya çempionumuz İrina Zaretskaya (-68 kq) bu gün mübarizəyə qatılacaq.
Onu da bildirək ki, bu yarışda komandamızın lideri, dünya çempionumuz Rafael Ağayev (-75 kq) iştirak etmir.