Bakıda məktəbdə 10 yaşlı qıza əxlaqsızlıq edən şəxsdən YENİ XƏBƏR
    • 27-07-2023, 14:30
    • 235

Bakıda məktəbdə 10 yaşlı qıza əxlaqsızlıq edən şəxsdən YENİ XƏBƏR

Ötən ilin oktyabr ayında Bakıda məktəbli qıza əxlaqsız hərəkətlər etmiş şəxsin məhkəməsi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə Tərtər sakini  1981-ci il təvəllüdlü S. Həsənov Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki,  o, 2022-ci il oktyabrın 27-də N.Tağıyev adına 212 saylı məktəbin dəhlizində 5-ci sinif şagirdi olan 2012-ci il təvəllüdlü qıza yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. 

Hadisə məktəbin kamerası tərəfindən anbaan lentə alınıb və əsas sübut kimi təqdim edilib.
S.Həsənov ifadəsində özünü təqsirli bilmədiyini deyib: “Həmin gün saat 18:30 radələrində məktəbin 6-cı sinifində oxuyan qardaşımı götürmək üçün getmişdim. Məktəbin birinci mərtəbəsinin dəhlizində stulda oturub zəngin çalınmasını gözləyirdim. Bu məqamda təxminən 10-11 yaşında, əynində məktəbli forması olan qız uşağı gəlib yanımda oturdu. Ondan  neçənci sinifdə oxuduğunu soruşanda “5-ci sinifdə” deyə cavab verdi. Daha sonra həmin qızdan dərslərini necə oxuduğunu soruşdum. O da yaxşı oxuduğunu dedi. Ardınca ona latın əlifbasını  bilmədiyimi və ondan divardan asılmış lövhədəki yazıları oxumasını istədim. O da lövhədə yazılmış yazıları oxudu və mən orada dərs cədvəllərinin vaxtının yazılmadığını dedi. Sonra mən məktəbin giriş qapısından çıxıb çöldə siqaret yandırdım. Ardınca  məktəbin mühafizəçisi həmin məktəbli qızı yanıma gətirərərk “sən bu qıza nə demisən” deyə soruşdu. Mən də  heç nə demədiyimi bildirdim. Amma  mühafizəçi qıza qarşı nalayiq hərəkətlər edildiyini dedi. Ardınca  təxminən 40 yaşlarında bir kişi yaxınlaşıb mənə tərəf gəldi və yaxamdan tutub məni yerə yıxdı. Dedi ki, “sən mənim qızıma toxunmusan”. Sonra da polis çağırdılar”.

Azyaşlı qız isə S. Həsənovun lövhənin qarşısında olarkən onun köynəyinin yaxa düymələrini açaraq əxlaqsız hərəkətlər etdiyini deyib.
Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən proses ötən gün başa çatıb. Azyaşlıya qarşı əxlaqsız hərəkətlər etmiş şəxs 2 il 6 ay həbs cəzasına məhkum edilib. O, ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, araşdırma zamanı S.Həsənovun əvvəllər başqa cinayətlər (qəsdən adam öldürmə və quldurluq) törətməsi də məlum olub.
Xatırladaq ki, bu hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılmış və müzakirələrə səbəb olmuşdu.

Taleh Bağırov