Ən çox zəng təhsilin keyfiyyətinin yüksəldilməsilə bağlı olub
    • 4-03-2019, 11:01
    • 776

Ən çox zəng təhsilin keyfiyyətinin yüksəldilməsilə bağlı olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin fevral ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən News24.Az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 5 565 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 774 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 769 vətəndaş müraciəti daxil olub. 124 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1 748 sənəd (vətəndaşlar tərəfindən 153 ərizə, Təhsil Nazirliyindən 158, digər qurumlardan 289, məktəblərdən 957 məktub, 74 strukturdaxili yazışma və 117 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 150 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul,  şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib. Qeyd edək ki, fevral ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 5 rayonu (Səbail, Yasamal, Qaradağ, Suraxanı və Xətai rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Nigar MƏMMƏDLİ