Mahir Məmmədov:
    • 29-07-2023, 17:05
    • 318

Mahir Məmmədov: "Dünya Kubokunun növbəti dəfə bizə verilməsi etimadın nəticəsidir"

"Bu, Azərbaycanda keçirilən ilk Dünya Kuboku deyil. Yarışın növbəti dəfə bizə verilməsi etimadın nəticəsidir".

News24.az xəbər verir ki,  Report-un məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, yarışda rekord sayda - 18 Azərbaycan təmsilçisi mübarizə aparacaq: "Dünya Kubokları tarixində heç bir ölkə bu qədər iştirakçı ilə təmsil olunmayıb. Təşkilatçılıq təcrübəmiz olduğu üçün yarışın yüksək səviyyədə keçəcəyi şübhə doğurmur. Tamaşaçılar əla mübarizə və ədalətli oyun görəcəklər".

M.Məmmədov yarışda iştirak edəcək Teymur Rəcəbov və Günay Məmmədzadə barədə də danışıb: "Rəcəbov Azərbaycanın fəxridir. Dünya Kubokunda qalib gələn yeganə təmsilçimizdir. Günay Məmmədzadə isə qadın şahmatımızın lideridir. İnanıram ki, bundan sonra qələbələrini sayı daha da artacaq. Bütün iştirakçılara uğurlar arzulayıram".

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.