"Bunları etsək, gələcəkdə ikiqat pensiya alacağıq" - Deputat
    • 1-08-2023, 13:27
    • 609

"Bunları etsək, gələcəkdə ikiqat pensiya alacağıq" - Deputat

"Özəl pensiya fondunun yaradılması hər zaman müzakirə edilən məsələlərdəndir. Əvvəllər də bu fondun yaradılması üçün cəhdlər olmuşdu".

Bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirdi.
O, bildirdi ki, hətta beynəlxalq maliyyə qurumları ilə bu istiqamətdə danışıqlar olub:

"Amma etiraf etmək lazımdır ki, proses qısa müddətdə reallaşan proses deyil. Reallaşması üçün yeni mexanzmin yaradılmasına, qanunvericilik bazasının möhkəmləndirilməsinə və eyni zamanda vətəndaşlarımızın bu fonddan istifadəsinə marağının artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, artıq hökumətdə müzakirələr intensivləşib və yeni paketin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından Milli Məclisə təqdim edilməsi də gözlənilir. Bu kontekstdən artıq özəl pensiya fondlarının yaradılması istiqamətində daha real addımların atıldığıı söyləmək olar".

Deputat qeyd etdi ki, prosesin həyata keçməsi zaman alacaq:

"Belə bir fondun yaradılması vətəndaşlarımıza alternativ yığım və pensiya yaşı tamam olan zaman iki mənbədən pensiya almaq imkanı deməkdir. Təbii ki, inkişaf etmiş ölkələrdə belə bütün vətəndaşlar bu fondlardan istifadə etmir. Bütün hallarda vətəndaşın azacıq da olsa artıq ödəmə imkanı olarsa onu özəl pensiya fondlarına yönəltməklə gələcəkdə daha çox pensiya alma imkanı olacaq". 

İqtisadçı ekspert Eldəniz Əmirov isə mövzu ilə bağlı danışarkən qeyd etdi ki, Azərbaycanda özəl pensiya fondları yaradıla bilər, amma hazırkı iqtisadi şərtlər daxilində özünü doğrulda bilməz.
Onun sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır:

"Burda çətin heç nə yoxdur. Amma çətin olan bu fondun özünü doğrultmasıdır. Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və bir az sonra mövzu donur. Çünki, bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır.  Hansı ölkələrdə (məsələn, B.Britaniya, Almaniya və s) belə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir". 

İqtisadçı bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar.

Aydan Beydullayeva