Ukrayna taxıl ixracı üçün Xorvatiya ilə razılaşdı!
    • 1-08-2023, 15:23
    • 292

Ukrayna taxıl ixracı üçün Xorvatiya ilə razılaşdı!

Ukrayna taxılının Xorvatiyanın Dunay çayı və Adriatik dənizi üzərindəki limanları vasitəsilə dünyaya ixracına dair razılığın əldə olunduğu açıqlanıb.

News24.az xəbər verir ki, Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman dünən Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı müxtəlif görüşlər edib.

Ukraynalı həmkarı Dmitro Kuleba ilə də görüşən Xorvatiyalı nazir görüşdən sonra verdiyi açıqlamada ölkəsinin Ukrayna taxılının ixracına kömək etməyə hazır olduğunu bildirib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Ukrayna taxılının ixracı üçün Xorvatiyanın Dunay və Adriatik dənizindəki limanlarından istifadə etməyə razılaşdıqlarını bəyan edib. "İndi biz bu limanlara ən səmərəli marşrutları müəyyən etmək üçün çalışacağıq" deyən Dmitro Kuleba, əlavə etdi ki, ixraca maneələrin aradan qaldırılmasına hər hansı töhfə, açılan hər qapı qlobal ərzaq təhlükəsizliyinə real və effektiv dəstəkdir.

Afrika və Yaxın Şərqin bir çox ölkəsinin ən böyük taxıl təchizatçılarından biri olan Ukraynanın bu ölkələrə taxıl daşımaları Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra tamamilə dayanıb.

Aydan