Bölgə hotelləri niyə Bakıya uduzur? - Ekspert
    • 1-08-2023, 18:27
    • 149

Bölgə hotelləri niyə Bakıya uduzur? - Ekspert

Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, əlverişli təbiəti, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan son illər xarici turistlərin ən çox səyahət etdikləri ölkələrdən birinə çevrilib. Lakin müşahidələr onu göstərir ki, gələn turistlər daha çox Bakıda qalmağa üstünlük verirlər. 

Belə ki,  bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda,  4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub.
 
Mövzu ilə bağlı News24.az-a danışan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirdi ki, regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib. “Regionda olan lüks hotellərlə Bakıda olan  hotellər arasında müqayisə aparsaq görərik ki, turistlər əsasən Bakıda məskunlaşır və paytaxt hotellərini seçir. Dünya səviyyəsində keçirilən tədbirlər, yüksək səviyyəli beynəlxalq təşkilat rəhbərləri, xarici ölkələrdən gələn prezidentlər və onları müşahidə edən heyət üzvü paytaxta gəlir. Bu da bizdə zərurət yaradır ki, hotellərin çoxu məhz Bakıda fəaliyyət göstərsin. Bu il paytaxt hotellərinə daha çox üstünlük verilir. Bu bölgələrdə olan intensiv yağışlarla əlaqədar oldu”. 

Ekspert hesab edir ki, ucqar bölgələrdə hotellərin inşasına daha çox önəm verilməlidir. Bununla aşağı büdcəli turistlər üçün səfər imkanı yaransın: “Hotellər hər kəs üçün əlçatan olmalıdır. Necə ki, Antalya dedikdə təsəvvürümüzdə istirahət məkanı canlanırsa, həmçinin elə bir vəziyyətə gətirməliyik ki, Azərbaycan üçün də bu belə olsun. Sözsüsüz ki, Qarabağ bölgəsində artıq yeni nəfəs yaranır. O bölgələrə investisiyalar cəlb etmək istiqamətində xüsusən hotellərə, sanotoriyalara  yer verməliyik. Eyni zamanda ucqar yerlərdə istirahət məkanları inşa etməklə oradakı əhalinin də sosial rifahını yaxşılaşdırmış olacağıq”,- deyə o, fikrini yekunlaşdırdı. 
 
Arzu