Dörd şahmatçımız tay-brekdən qalib ayrıldı
    • 4-08-2023, 21:24
    • 479

Dörd şahmatçımız tay-brekdən qalib ayrıldı

Bakıda keçirilən Dünya Kubokunda ikinci mərhələnin tay-brek görüşləri sona çatıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov Fransa təmsilçisi Loran Fressine ilə dueldən qalib ayrılıb. İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.

Təmsilçimiz Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyun növbəti heç-heçəni rəsmiləşdirib. Yekunda 2,5-1,5 hesablı nəticə Rauf Məmmədovu üçüncü mərhələyə daşıyıb.

Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjaronu üstələyib. İyirmi yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.

Günün ən uzun davam edən görüşlərindən biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə ilə başa çatandan sonra şahmatçılar hərəyə bir qələbə qazanıb. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.

Qeyd edək ki, III mərhələnin görüşləri sabah keçiriləcək.