"Narkotik satanlara qarşı cəzalar ağırlaşdırılmalıdır" - Ekspert
    • 5-08-2023, 15:06
    • 460

"Narkotik satanlara qarşı cəzalar ağırlaşdırılmalıdır" - Ekspert

Son vaxtlar ölkədə narkotik vasitələrin dövriyyəsi artmaqdadır. Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı ardıcıl və operativ tədbirlər keçirməsinə baxmayaraq bu alverin qarşısını tam almaq mümkün deyil. 

Bu problemin qarşısı almaq üçün daha hansı təqdirlər görmək lazımdır?

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova News24.az-a açıqlamasında bildirdi ki. Bu bəlanın qarşısını almaq üçün əhali arasında marifləndirmə tədbirlərinin sayı artırılmalıdır:

“Narkotiklərin qanunsuz dövriyyəsi təkcə Azərbaycanda deyil, bütün dünyada artır. Bu ümumbəşəri bəladır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu problem var. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu problemin yayılmasının qareşısı almaq üçün yorulmaz və əhəmiyyətli tədbirlər keçirir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi addımlar atılır. Lakin, bu problemin qarşısını tam almaq mümkün olmur. Bütün dünyada olan narkobaronlar müəyyən yollarla yenə də bunun alverini həyata keçirir. Azərbaycanın sərhədlərinin çətin relyefli ərazilərdə olması narkobaronların əlinə fürsət salıb. Həmin narkobaronlar müəyyən yollarla Azərbaycana narkotik keçirə bilirlər”. 

Təşkilat sədrinin fikrincə,son zamanlar ölkədə narkotikdən asılılıq gənc nəsil arasında sürətlə yayılır:

“Artıq qorxulu vəziyyət yaşanır, narkotikdən istifadə edənlərin yaş həddi 12-16 yaşa da gəlib çatıb. Hətta məlumata görə, narkotik istifadə edənlər arasında 10 yaşlı  uşaq da aşkarlanıb”. 

B. Məmmədova qeyd etdi ki, bu bəlanın qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının gördükləri tədbirlər kifayət etmir:

“Düşünürəm ki, narkotik bəlası barədə əhali arasında güclü təbliğat aparılmalıdır. Marifləndirmə tədbirləri gücləndirilməli, əhali arasında təbliğata daha çox üstünlük verilməlidir. Təbliğat əsasən orta məktəbin aşağı sinflərindən başlanmalıdır. Şagirdlər hətta ibtidai sinifdən narkotikin nə olduğunu bilməli , törətdiyi fəsad və faciələr barədə marifləndirilməlidir. Bunun üçün ictimai qınaq olmalı, cəmiyyət bu problemə qarşı birləşməlidir. 
Digər məsələ, bu proseslə bağlı qanunlar sərtləşdirilməlidir. Narkotik istifadəçisi və satanlara qarşı cəza tədbirləri ağırlaşdırılmalıdır”. 

Samir Əli