Nisyə mal vermək niyə qadağan edildi? - ŞƏRH
    • 7-08-2023, 17:39
    • 839

Nisyə mal vermək niyə qadağan edildi? - ŞƏRH

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olanlara qarşı yeni cərimələr tətbiq olunacaq.
 
Maraqlıdır, bu dəyişiklik vergidən yayınma və vergi ödənişlərinin vaxtında təmin edilməməsi hallarını aradan qaldıracaqmı?
 
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirdi ki, nisyə mal alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərə İnzibati Xətalar Məcəlləsi ilə cərimələrin müəyyən edilməsinin əsas məqsədi əslində kredit tarixçəsi ilə əlaqədar məlumatların dolğun toplanmasına hədəflənib:
“Çünki  kredit təşkilatları bir sıra hallarda vətəndaşların öhdəliklərini tam dəqiq müəyyənləşdirə bilmir. Bu isə öz növbəsində vətəndaşların izafi borc yüklənməsinə və sonradan öhdəliklərin icrasında problemlərin yaranmasına gətirib çıxarır”.

İqtisadçı qeyd etdi ki, nisyə mal alqı-satqısı ilə məşğul olan, məişət əşyaları, avadanlıqlar satan bu müəssisələr bir sıra hallarda həmin məlumatları kredit təşkilatına təqdim etmirdi və kredit bürolarına təqdim olunmayan məlumatlar da vətəndaşın kredit tarixçəsində əks olunmurdu:

“Bu isə onun aylıq borc öhdəliklərinin müəyyənləşdirilməsində nəzərə alınmırdı. Məhz bu cərimələr müvafiq məqsədlə həyata keçirilir ki, bu məlumatlar kredit bürolarına təhvil verilsin və bu istiqamətdə informasiya təminatı güclənsin və kredit qaytarma qabiliyyətinin ölçülməsi üçün daha əlverişli şərait yaradılsın. Amma eyni zamanda təbii ki, başqa yan təsirlərinin də olması ehtimalları var”. 
 
R.Həsənovun sözlərinə görə, bir sıra hallarda  hansısa fiziki və hüquqi şəxslər  daxili kredit və yaxud da ki, aylıq ödəniş şərti ilə məhsullarını satırlar. Bu zaman dövriyyəni tam olaraq leqallaşdırmırdılar:

“Leqallaşdırılmayan dövriyyədə öz növbəsində vergidən yayınma hallarına gətirib çıxara bilirdi. Amma əgər bundan sonrakı dövrdə həmin məlumatlar qanuniləşəcəksə və kredit bürolarına təqdim olunacaqsa, bu, sahibkarlar üzərində müəyyən bir məsuliyyət yaradır. Sahibkarlar kredit bürolarına təqdim etdikləri məlumata uyğun olaraq öz vergi bəyannamələrini hazırlayacaqlar”- deyə ekspert yekunlaşdırdı.

Aydan Beydullayeva