İranlılar "Quran"ı niyə yandırır? - ŞƏRH
    • 7-08-2023, 18:01
    • 532

İranlılar "Quran"ı niyə yandırır? - ŞƏRH

Son zamanlar bir sıra ölkələrdə "Quran"nın yandırılması və təhqir olunması halları geniş yayılıb. Xəbər verdiyimiz kimi, İran əsilli 47 yaşlı Marian Bayram İsveçdə Malaren gölünün sahilində manqalda Quranı yandırıb. Daha sonra İrandakı molla rejimindən qaçaraq Danimarkada məskunlaşan və qadın hüquqlarının müdafiəçisi olan Firuzeh Bəzrafkan səsini daha çox eşitdirmək üçün "Qadınlara azadlıq" yazılmış köynək geyinib, daha sonra Quran kitabını yırtıb. 
Müsəlmanların müqəddəs kitabı olan "Quran"ın hər iki halda İran İslam Respublikasının keçmiş vətəndaşı tərəfindən təhqir edilməsi, ümumiyyətlə müsəlman ölkələrindən Avropaya mühacirət edənlərin bu prosseslərdədə fəal iştirakı diqqəti cəlb edir.
 
Mövzu ilə bağlı News24.az-a danışan deputat Ceyhun Məmmədov bildirdi ki, islam ölkələrində belə halların baş verməsi, orada olan təlim-tərbiyə işlərinin düzgün şəkildə yerinə yetirilməməsinə görədir.
“Təəssüflə qeyd etməliyik ki, artıq neçənci dəfədir ki, bəzi ölkələrdə müqəddəs kitabın yandırılmasının şahidi oluruq. İstər-istəməz insanı belə bir sual düşündürür ki, müsəlman ailəsində böyüyən bir insan necə ola bilir ki, Quranı yandırır? Hesab edirəm ki, biz həmin islam ölkələrində mövcud olan təlim-tərbiyə işlərinə baxmalıyıq. Görünür, düzgün getməyən şeylər var ki, özünü müsəlman adlandıran şəxslər belə bir addımı atırlar. Bu barədə islam ölkələri də ciddi şəkildə düşünməlidirlər. Bəzən belə hallar insan hüquq və azadlıqları ilə əlaqələndirlir, ancaq ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlər qəbuledilməzdir. Bu davranışlar pislənməli və qarşısı alınmalıdır. Əks təqdirdə bu, gələcəkdə dinlər və məzhəblər arasında ciddi çəkişmələrə aparıb çıxara bilər. Biz isə bundan çəkinməli və diqqətli olmalıyıq”,-   o dedi.  
 
Məsələ ilə bağlı münasibət bildirən ilahiyyatçı Elşad Miri nin sözlərinə görə, hazırda İranda ateizm pik həddə çatıb. 
“İranda yaşayan 90 milyonluq əhalinin əksəriyyəti dinlə bağlı məcburiyyət səbəbindən qadınlar başlarını örtür, kişilər isə müəyyən ritualları yerinə yetirirlər. Görüşlərimiz zamanı İran əsilli bir çox insan dindən uzaqlaşdıqlarını və bunun hətta nifrət səviyyəsinə gəlib çatdığını deyirlər. Və bunu açıq-aşkar biruzə verirlər. Onlar bildirirlər ki, hazırda İranda ateizm və deizm pik həddə çatıb. Bu gün də İran əsilli hər hansı bir şəxsin Quranı yandırması heç nəyi dəyişmir. Sözsüz ki, sadaladığım reallıqlar rol oynayır. Lakin hər bir halda kitabın yandırılması doğru deyil. Buna görə, kimi ittiham edək? Bu gün hər hansı bir kitabı cırmaq, yandırmaq deyil, orada yazılanların mənasını dərk edib ona uyğun əməl etmək lazımdır. Bizim bir cəmiyyətə qarşı olan kinimiz bizi ədalətdən uzaqlaşdırmamalıdır”, - deyə o, fikrini yekunlaşdırdı. 
 
Arzu